Koronavirusla əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) də təhsil distant formada həyata keçirilir.
ATMU-dan bildirilib ki, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. Universitetin müəllim və tələbə heyətinin “Microsoft Teams”in çoxfunksiyalılığından istifadə etməsinə dair vidoetəlimatlar hazırlanıb.
Ali təhsil müəssisəsinin 1800-ə yaxın aktiv istifadəçisinin yararlandığı platformada bu günədək ümumilikdə 1200-dən çox videodərs-görüş keçirilib.
Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin videoyazısı həyata keçirilir. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirələri yenidən izləmək imkanı yaradır.