Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı tətbiq edilən sosial təcrid günlərində balacaların əsas məşğuliyyəti, heç şübhəsiz, cizgi filmi izləməkdir. Bəs, ölkəmizdə cizgi filmi nə vaxt yaranıb? Karantin dövründə telekanallarda hansı cizgi filmləri nümayiş olunur?

Kinematoqrafiyanın əsas növlərindən biri də animasiya filmləridir. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayırlar. Qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünəməxsus ifadə vasitələrinə malikdir. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də var ki, onlara kompüter animasiyası deyilir. Bu cür filmlər hazırda çox geniş yayılıb və sürətlə inkişaf etməkdədir. Animasiya rejissorları son zamanlar öz filmlərinə bədii və sənədli kadrlar da daxil edir, bir növ “hibrid” formalar yaradırlar.

Dünyada ilk cizgi filmi 1906-cı ildə ABŞ-da yaranıb. Azərbaycanda cizgi filmlərinin yaranması isə ötən əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə Bakı kinostudiyasında “Lökbatan” və “Neft simfoniyası” sənədli filmləri çəkilərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə bütünlüklə animasiyadan istifadə olunmuşdu.

Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü və “Abbasın bədbəxtliyi” adlı film çəkildi. Böyük Vətən müharibəsi ərəfəsində studiyada “Sindibad dəniz səyyahıdır” cizgi filminin çəkilişlərinə hazırlıq görülürdü. Bu, səsli film olmalı idi. Amma müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qalır.

1960-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün yeni şərait yaradılır, rəssamlar qrupu təşkil olunur. Eyni zamanda bu sahə ilə bağlı studiyada xüsusi kurslar açılır. 1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olunur. 1969-cu il fevralın 28-də “Cırtdan” xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalı başa çatdırılır. Film həmin il ekranlara buraxılır və uzun müddət televiziyada və kinoteatrlarda tamaşaçılara təqdim olunur. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlanır.

1970-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq ekran əsəri istehsal olunmuşdu. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” (rej. N.Məmmədov, B.Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdən idi. “Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpırdı. “Toplan və kölgəsi” (1977), “Sonrakı peşmançılıq” (1978) və “Sehrlənmiş küpə” (1979) cizgi və applikasiya filmlərində xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır. “Qız qalası əfsanəsi” cizgi filmi (1978) xalq əfsanəsinin motivləri əsasında yaradılıb.

80-ci illərdə bu sahədə mühüm inkişaf yaşanmışdı. Həmin dövrdə “Azərbaycanfilm”də 38 adda cizgi filmi istehsal olunmuşdu. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Balaca çoban”, “Humayın yuxusu”, “Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”, “Cırtdan-pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilmişdi.

“Cücələrim” filmi (rej. A.Axundov) tez bir zamanda populyarlıq qazanmışdı. N.Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi isə (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdu. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır.

***

80-ci illərin sonunda keçmiş ittifaqda, o cümlədən ölkəmizdə gedən ictimai-siyasi proseslər nəticəsində “Azərbaycanfilm”in nəzdindəki birlik və şöbələr müstəqil fəaliyyət göstərməyə başladı. Multiplikasiya sexinin də adı dəyişdirilərək “Azanfilm” yaradıcılıq-istehsalat birliyinə çevrildi. 90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi istehsal edilmişdi. “Bir dəfə haradasa...” (rej. V.Talıbov), “İthaf” (Ş.Nəcəfzadə), “Oda” (V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (A.Məhərrəmov), “Göyçək Fatma”, “Karvan” (N.Məmmədov), “Güzgü” (E.Axundov), “Söhbətül-əsmar” (E.Hami), “Şüəla” (T.Piriyev) və başqaları balaca tamaşaçıların marağını cəlb etmiş, onların estetik zövqünün və dünyagörüşünün zənginləşməsində rol oynamışdı.

***

Son illərdə də bir neçə yeni maraqlı cizgi filmləri çəkilsə də, müasir texniki imkanların geniş olduğu bir dövr üçün bu, qənaətbəxş sayıla bilməz. “Cırtdan və sehrli xalat” (3D formatda), “İt sərgisi”, “Cəsur təyyarə”, “Pozulmuş sülh” cizgi filmləri son dövrlərin ekran işləridir.

Onu da qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejiminin davam etdiyi bu günlərdə bəzi televiziya kanalları uşaqlar evdə darıxmasın deyə sevilən cizgi filmləri ilə onların görüşünə gəlirlər. Auditoriyası əsasən uşaqlar olan “ARB Günəş” televiziyasında isə gün ərzində 20-dən çox yerli və xarici cizgi filmi nümayiş olunur.

Nurəddin MƏMMƏDLİ