“Yüksək peşəkarlıq, seçdiyiniz sənətə vurğunluq və sədaqət, milli teatrımızın inkişafı yolunda göstərdiyiniz fədakarlıq gənc aktyorlar üçün əsl həyat məktəbidir. İnanıram ki, sənətkarların hələ neçə-neçə nəsli bundan sonra da həmin məktəbdən faydalanacaq, Vətənə, xalqa, sənətə sevgi dərsi alacaqlar...”.

Bu fikirlər ümummilli lider Heydər Əliyevin 2000-ci il martın 27-də tanınmış səhnə ustası, Xalq artisti Zəroş Həmzəyevanın 75 illik yubileyi münasibətilə ona ünvanladığı məktubda əks olunub.

Mübarizliyi, iradəsi, istedadı ilə ilk gənclik çağlarından fərqlənən Zəroş Həmzəyeva öz idealı uğrunda dövrün xurafat buxovlarını qıraraq sənət yollarında inamla irəliləyib. Anadan olmasının 95 illiyi münasibətilə mərhum səhnə xadiminin ömür və sənət yoluna nəzər saldıq.

Zəroş Mirzəbağır qızı Həmzəyeva 1925-ci ilin 22 martında Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində müəllim ailəsində dünyaya gəlib. Atası müəllim işləməklə yanaşı, incəsənətlə, musiqi ilə tanış idi, tar ifaçısı olmuşdu. Atası tarı əlinə aldımı, balaca Zəroş da onun yanında hazır olardı...

Zəroş Nehrəm kənd məktəbində oxumağa başlasa da, atası Naxçıvan şəhərindəki məktəblərin birinə dəvət edildiyindən ailə şəhərə köçür. Şəhər beynəlmiləl məktəbində təhsilini davam etdirən Zəroş burada daha maraqlı, necə deyərlər, ayrı bir aləmə düşür. Hələ məktəbli ikən onda teatr sənətinə böyük maraq oyanır. Sonralar aktrisanın sənətin enişli-yoxuşlu yollarından keçib kamilləşməsində onun ömür-gün yoldaşı, tanınmış aktyor və rejissor, Xalq artisti İbrahim Həmzəyevin (1908-1982) böyük rolu olur. Təsadüfi deyil ki, Zəroş xanımdan onun ilk sənət müəlliminin kim olduğunu soruşduqda o, böyük hörmət və razılıqla İbrahim Həmzəyevin adını çəkirdi.

Bakı, Gəncə, Füzuli, Ağdam teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərən İ.Həmzəyev 1937-ci ildən taleyini Naxçıvan teatrına bağlayaraq muxtar respublikada səhnə sənətinin inkişafına mühüm töhfələr vermişdi. O, Zəroş xanımın çıxış etdiyi bir çox tamaşaların səhnə həllini verməklə yanaşı, onunla tərəf-müqabil olmuş, ağıllı məsləhətləri ilə aktrisaya yol göstərmişdi.

 

Unudulmaz bir gün

 

O gün ki Zəroş xanım ömrünün sonunacan onu həyəcansız xatırlaya bilmədi. Hər dəfə sənət yolundan söz düşəndə, həmin günün təsviri məqamı gələndə Zəroş xanımın qəlbində dərin bir həyəcan, gözlərində isə bütün aləmi nura qərq edə biləcək işıq görünürdü... O gün ilk dəfə qızlarla Naxçıvan Dövlət Dram Teatrına, Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri əsasında hazırlanmış tamaşaya baxmağa getmişdi. Və elə ilk baxdığı tamaşadan sonra aktrisa olmaq arzusu Zəroş xanımın qəlbinə hakim kəsilir. Tamaşadakı Firəngiz obrazına həsəd aparır, “mən də onun kimi cəsarətli, bacarıqlı və arzusu naminə qətiyyətli aktrisa olacağam”, deyir.

Ulularımız “Niyyətin hara, mənzilin ora”, deyiblər. Zəroş Həmzəyeva 1941-ci ilin sentyabrında teatrda işə qəbul edilir. İlk vaxtlar ona sözsüz-statist rollar tapşırılır. Zəroş xanım isə səbirsizliklə səhnədə söz deyəcəyi, başqaları kimi obraz yaradacağı günü gözləyirdi. Nəhayət, bir gün onun da səsi səhnədə eşidilir... Aktrisa bu günü belə xatırlayırdı: “Əsli və Kərəm” operası gedirdi. Tamaşada bir hissə var: şah keşişə deyir ki, qızı ver Kərəmə! Keşiş isə verməyəcəyini bildirir. Gördüm ki, səhnədə hamı danışır, “nə olar, mən də bir söz deyim”, – deyə düşündüm. Ona görə keşişə – bu həmin keşişdir ki, onu aktrisanın gələcək həyat yoldaşı İbrahim Həmzəyev canlandırırdı – yaxınlaşıb: “Əşi, duzsuz olma, ver getsin”, – dedim. Mənim bu sözümə artistlər də güldülər. Zalda alqış qopdu. Mənsə bu gülüşlərdən pərt olub səhnədən çıxdım və ağladım... Və mənim səhnə dilim həmin gecədən açıldı”.

Səhnə həyatına “Əsli və Kərəm” operasında kiçik, sözsüz rolla başlayan aktrisa az sonra həmin operada Əslinin partiyasını məharətlə ifa edir. Zəroş Həmzəyevanın uğurlu debütü Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasındakı qulluqçu qız Yetər obrazı ilə olur. Aktrisa bu obrazı rejissorun istədiyindən qat-qat yüksək səviyyədə oynamağı bacarmışdı. Naxçıvan teatrının tədqiqatçısı Əli Xəlilov Zəroş xanımın teatra gəlişi haqda bunları demişdi: “Onun qulluqçu Yetər rolunda çıxışı Naxçıvan teatrı həyatında mühüm bir hadisəyə çevrilmişdi”.

İlk uğurlar gənc aktrisanı yeni axtarışlara həvəsləndirmişdi. Bütün varlığı ilə teatr sənətinin vurğunu olan Zəroş Həmzəyeva səhnə işini öyrənməyə, onun sirlərinə vaqif olmağa çalışırdı. Naxçıvan teatrının Xədicə Qazıyeva, Firuzə Əlixanova, Rüxsarə Ağayeva kimi təcrübəli səhnə ustaları bu sahədə ona yaxından kömək etmiş, sənət yollarında qayğıkeş hamiləri olmuşdular.

Teatrın rəhbərliyi bu sənət aşiqinə cəsarətlə bir-birinin ardınca böyük, məsuliyyətli rollar etibar etməyə başlayırlar. Beləliklə, teatra gəldiyi 2-3 ildə Zəroş Həmzəyeva Məryəm (“Fərhad və Şirin” – S.Vurğun), Afaq (“Nizami” – M.Hüseyn), Pəri (“Pəri cadu” – Ə.Haqverdiyev), Firəngiz (“Oqtay Eloğlu” – C.Cabbarlı), Məhəbbət (“Məhəbbət” – M.İbrahimov), Nazlı (“Ölülər” – C.Məmmədquluzadə), Gülnaz (“Məşədi İbad” – Ü.Hacıbəyli), Xumar (“Şeyx Sənan” – H.Cavid) və digər obrazları məharətlə canlandıraraq tamaşaçıların rəğbətini qazanır. O, ifaları ilə Cavid məhəbbətindən, Cəlil gülüşündən, Cabbarlı öyüdündən izləyicilərə pay verirdi. V.Şekspir, F.Şiller, İ.Əfəndiyev, S.Rəhman və başqa müəlliflərin əsərlərinin tamaşasında baş rolları ifa edir, sənətkar imkanlarını ortaya qoyurdu.

Zəroş Həmzəyeva, çox geniş diapazonlu, zəngin yaradıcılıq imkanları olan sənətkarlardan idi. Səhnə həyatı “Əsli və Kərəm” operasından başlanan Zəroş xanım az müddət sonra dram tamaşalarında əsas qadın rollarında böyük müvəffəqiyyətlə çıxış etməklə yanaşı, operetta və musiqili komediyalarda da nailiyyətlər əldə edir.

Aktrisanın zəngin səs imkanları onun muğam operalarında, vokal istedadı, rəqs etmək bacarığı isə operetta və musiqili komediyalarda məharətli sənətkar, mahir ifaçı kimi çıxış etməsinə zəmin yaradırdı.

Yaradıcılığa başladığı ilk vaxtlardan Zəroş Həmzəyeva həm dram əsərlərində, həm də musiqili tamaşalarda bacarıqla çıxış edir, sənətsevərlərin könlünü oxşayırdı. Əslində, dram tamaşasındakı uğuru musiqili səhnə əsərlərində təkrarlamaq sənətkardan istedad və ustalıq tələb edirdi. Bu mənada aktrisanın opera tamaşalarında musiqini qavrama istedadı, çalğıçılarla, orkestrlə ayaqlaşmaq bacarığı da vurğulanmalıdır. Aktrisanın nəinki bir janrdan başqa janra, bir tamaşadan başqa tamaşaya, hətta eyni tamaşada bir roldan digərinə uğurla keçməsi mürəkkəb yaradıcılıq prosesidir. Zəroş xanımın yaradıcı fəaliyyətində bu keçidlər və obrazları özününküləşdirmə bacarığı onun sənətkar məharətinin aydın təzahürüdür.

 

Onu kinolentlərdə də çox görə bilərdik...

 

Zəroş Həmzəyeva teatrda olduğu kimi, kinoda da uğur qazana bilərdi. Biz onu kinokadrlarda demək olar ki görmürük. Bunun bir səbəbi onun əyalət teatrında çalışması idisə, digər səbəb sənət mühitində təəssüf doğuran qısqanclıq idi...

Görkəmli sənətkar Adil İsgəndərov “Ögey ana” filmində ögey ana rolunu Zəroş Həmzəyevaya həvalə etmək istəyirdi. Hətta bu məqsədlə zəng vurub dəvət eləmişdi də. Lakin aktrisa getmək istəyəndə onu aldatmışdılar. Demişdilər ki, bəs A.İsgəndərov ikinci dəfə zəng vurub və bir aydan sonra dəvət edəcək. Sonralar aktrisa görkəmli rejissorla görüşəndə aydın olmuşdu ki, bunların hamısı quramadır...

“Əhməd haradadır?” filmində də Əhmədin anası rolunu oynamalıydı. Əhməd (Elxan Qasımov) üç dəfə qayınanasının (Zəroş xanımın) arxasınca Naxçıvana gəlib, üçündə də əliboş qayıdıb; deyiblər ki, sən get, özümüz göndərərik. Ancaq göndərməyiblər.

Zaman göstərdi ki, Zəroş Həmzəyeva filmlərdə çəkilmədən də, yalnız səhnə şöhrəti ilə adını sənət salnaməsinə yazdırmağa nail olub. Teatr sənətinin inkişafındakı xidmətləri qiymətləndirilən aktrisa muxtar respublikanın Əməkdar artisti (1943), Azərbaycan Respublikasının Əməkdar artisti (1956) və 1967-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2000-ci ildə 75 illiyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilib. Zəroş Həmzəyeva daim vətəndaşlıq mövqeyi nümayiş etdirib, ictimai xadim kimi tanınıb. O, uzun müddət Naxçıvan Qadınlar Şurasının sədri vəzifəsində çalışıb.

...1982-ci ildə aktrisanın ömür-gün yoldaşı, müəllimi, həmkarı, tərəf-müqabili İ.Həmzəyev dünyasını dəyişir. Bu ağır itkidən sonra o, illərini verdiyi, ruhən bağlı olduğu sevimli səhnəsindən ayrılır. Bakıya köçür. Burada sənət soraqlı xatirələrlə zəngin günlər başlayır...

Zəroş Həmzəyeva 2004-cü il iyulun 7-də bu dünyadan köçərək canlandırdığı obrazlarla birgə əbədiyyətə qovuşdu.

Səyyar MƏMMƏDOV
Naxçıvan MR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru