XX əsr qadın nasirlərimizdən söz düşəndə ilk xatırlanan müəlliflərdən biri də görkəmli yazıçı-dramaturq, tərcüməçi Xalidə Hasilovadır. Zəngin ədəbi irs yaradan yazıçı uşaq ədəbiyyatının inkişafında da mühüm rol oynayıb. Bu il ədibin anadan olmasının 100 illiyi tamam olur.

Xalidə Məmməd qızı Hasilova 19 aprel 1920-ci ildə Zaqatala şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Texnikumda təhsil alır. Bir müddət Zaqatala rayonunun Qımır kənd məktəbində müəllim işləyir. 1939-cu ildə Leninqrad (Sankt-Peterburq) Universitetinin Filologiya fakültəsinə qəbul olunur. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bakıya qayıdır. Təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində davam etdirir. 1944-cü ildə təhsilini bitirdikdən sonra Zaqatala şəhər orta məktəbində əmək fəaliyyətinə başlayır. Pedaqoji fəaliyyətlə yanaşı, mətbuatda mütəmadi çıxışlar edir.

Növbəti il Moskvaya – xarici dillər kursuna (türk dili) göndərilir. Kursu bitirib Bakıya gəldikdən sonra “Uşaqgəncnəşr”də redaktor kimi işə düzəlir. Bir müddət sonra “Azərbaycan qadını” jurnalı redaksiyasına dəyişilir. 1966-cı ildə “Göyərçin”, 1972-ci ildə “Azərbaycan qadını” jurnallarının baş redaktoru təyin edilir.

Xalidə Hasilova bədii yaradıcılığa gənc yaşlarında başlayıb, uşaq yazıçısı kimi tanınıb. İlk kitabı – “Kiçik hekayələr”i 1950-ci ildə işıq üzü görüb. Ardınca “İlk məktub”, “Lalənin kitabı”, “İki yoldaş”, “Sular durulur”, “Ulduzlu papaq”, “Rəna evlərini axtarır”, “Dəniz çıraqları”, “Atlas yarpaqları”, “Yaşıl ayna”, “Çilçıraq” kitabları nəşr olunur. Əsərləri balaca oxucular tərəfindən maraqla qarşılanır.

Yazıçının hekayələrində daha çox dövrün məktəb həyatı, uşaqların maraq dünyası öz əksini tapıb. “Baba və nənə” hekayəsində baba öz nəvəsinə yaşıllığı qorumaqdan danışır. Deyir ki, bir neçə il əvvəl bu yolun kənarında bir ağac əkib. İndi onun kölgəsində insanlar dincəlir. Bir ağac da nəvəsinin əkməsini istəyir. “Ulduzlu papaq” hekayəsində isə kiçik Muradın atası müharibədən qayıtmayıb. Amma oğluna ulduzlu bir papaq göndərib. O da papağı əziz xatirə kimi saxlayır. Hər dəfə papağa baxır və atasını yada salır.

Müəllifin məktəb həyatından bəhs edən hekayələrində isə şagirdlərin tərbiyəsi, əxlaqi keyfiyyətləri, onların qarşılıqlı dostluq münasibətləri və ən başlıcası, biliyə maraq göstərmələri diqqət mərkəzinə çəkilir. 

Xalidə Hasilova rəngarəng yaradıcılığında əxlaqi-mənəvi mövzulara da yer ayırıb. “Kaman”, “Çəhrayı rəng”, “Ana fəryadı” povestləri, “Onun taleyi”, “Sular durulur”, “Ucqar bir kənddə” romanları bu mənada maraqlı nümunələrdir. Yazıçının gənclik illəri müharibə dövrünə təsadüf etdiyindən yaradıcılığında bu mövzuya da geniş yer ayırıb. “Kaman” povestində müharibənin məşəqqətləri, ağrı-acıları göz önünə gətirilir. Əsərin qəhrəmanı Kələntər məktəb direktorudur. O, atalarının ölüm xəbərini alan məktəb şagirdlərinə qayğı ilə yanaşır. Onların evlərinə gedir. Babaları və anaları ilə görüşür. “Onun taleyi” romanı da müharibənin insan həyatına gətirdiyi çətinliklər və ayrılıqdan bəhs edir. Müharibə illərində öz doğma qızını itirən Məlahət xeyli vaxt onun həsrəti ilə yaşayır. Ancaq uzun ayrılıqdan sonra ana qızına qovuşur.

Ümumiyyətlə, müəllifin əsərləri həyat materiallarının zənginliyi, üslub tərzi, yüksək ideya-bədii xüsusiyyətləri ilə oxucuların marağına səbəb olub, eyni zamanda ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilib.

Qələmə aldığı dram əsərləri də böyük maraq doğurub. “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli könül” pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan X.Hasilova rus yazıçılarından Vladimir Korolenko, Nikolay Tixonov və başqalarının əsərlərini dilimizə  tərcümə edib. O, həmçinin məşhur türk yazıçısı Əziz Nesinin uşaqlar üçün yazdığı “İndiki uşaqlar möcüzədir” kitabını dilimizə uyğunlaşdırıb. Eyni zamanda özünün əsərləri də rus və türk dillərinə tərcümə olunub.

Yazıçı uşaq ədəbiyyatının problemlərinə həsr edilən məqalələr də qələmə alıb. “Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında”, “Gözəl duyğular”, “Uşaqlara yüksək keyfiyyətli əsərlər verək”, “Ədəbiyyat və tərbiyə” və s. məqalələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

X.Hasilova həm də ictimai xadim kimi tanınıb. Sovet Qadınları Komitəsi Rəyasət Heyətinin, Azərbaycan KP MK yanında Qadınlar Şurası Rəyasət Heyətinin, Azərbaycan Yazıçılar İttifaqı Plenumunun üzvü olub.

Görkəmli yazıçı “Əməkdar mədəniyyət işçisi” fəxri adına (1974), “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülüb. 5 dekabr 1996-cı ildə vəfat edib.

Savalan FƏRƏCOV