Dünya kinosunun ən nüfuzlu müsabiqəsi sayılan Kann Film Festivalı bu il nəzərdə tutulduğu vaxtda keçirilməyəcək. 73-cü Kann Film Festivalı 12-23 may tarixində gerçəkləşməli idi. Lakin məlum koronavirus səbəbindən festival qeyri-müəyyən vaxta ertələnib.

Məlumatlara görə, festival bu il iyunun sonunda və ya iyulun əvvəlində keçirilə bilər. “Ümid edirik ki, koronavirus epidemiyasının pik nöqtəsi mayda arxada qalacaq. Ancaq vəziyyəti anlayırıq, vəziyyət dəyişməsə, festival ləğv olunacaq”, - deyə festivalın prezidenti Pyer Lekür (Pierre Lescure) qeyd edib.

Kann şəhərində planlaşdırılmış bir çox böyük festivallar və sərgilər də naməlum tarixə qədər təxirə salınıb.

Xatırladaq ki, Kann Film Festivalı əvvəllər də ləğv olunub. Birinci festival 1939-cu il sentyabrın 1-də baş tutmalı idi. Lakin həmin gün İkinci Dünya müharibəsi başlandı. İki gün sonra Fransa da müharibəyə qoşuldu və festival ümumiyyətlə gündəlikdən çıxdı. İlk Kann Film Festivalı yeddi il sonra – 1946-cı il sentyabrın 20-də açıldı. Ancaq büdcə problemləri ilə üzləşən festivalın gələcəyi bir müddət qeyri-müəyyən olaraq qaldı. 1948-ci və 1950-ci illərdə festival baş tutmadı. Ondan sonra Kann Film Festivalı hər il keçirilib. Ta koronaviruslu 2020-ci ilədək...

Yeri gəlmişkən, koronavirus pandemiyası ilə əlaqədar 22-29 apreldə keçirilməsi nəzərdə tutulan 42-ci Moskva Beynəlxalq Kinofestivalı da təxirə salınıb. Kinofestivalın payızda – oktyabrda keçiriləcəyi gözlənilir.

 

Hollivud filmlərinin premyeraları ertələnib

ABŞ-da kinoteatrların pandemiyaya görə bağlanması Hollivud filmlərinin premyerasını da təxirə salıb.

Superqəhrəman janrında olan “Wonder Woman”ın premyerası iyunun 5-dən avqustun 14-nə, Skarlett Yohannsonun baş rolda olduğu “Black Widow” filminin ilk nümayişi mayın 11-dən noyabrın 22-nə, baş rolda Tom Kruzun olduğu “Top Gun: Maverick” filmi iyunun 24-dən dekabrın 23-nə, bondiananın yeni filmi olan “No Time To Die” isə aprelin 10-dan noyabrın 25-nə ertələnib.

SƏBİNƏ