Türkiyədə Milli Suverenlik Günü bu il fərqli şəkildə qeyd olunacaq

Aprelin 23-ü Türkiyə Cümhuriyyətinin dövlət bayramı – Milli Suverenlik və Uşaq Günüdür. 1920-ci ilin 23 aprelində Ankarada Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi toplanmış və türk xalqının Qurtuluş savaşında – Cümhuriyyət quruculuğu yolunda tarixi bir səhifə açılmışdı.

Cümhuriyyət qurulandan sonra bu tarixi gün rəsmi dövlət bayramı – Milli Suverenlik Günü (Ulusal Egemenlik Günü) kimi qeyd olunmağa başlanmış və böyük öndər Atatürk bu günü türk və dünya uşaqlarına bir bayram kimi ərməğan etmişdi.

Ötən əsrin 80-ci illərindən etibarən bu gün Türkiyədə “Milli Suverenlik və Uşaq Bayramı” adı ilə qeyd edilir. Bununla bərabər 23 aprel hər il dünyanın dörd yanından uşaqları bir araya gətirərək beynəlxalq festival şəklində böyük təmtəraqla bayram edilir.

Lakin bu il, bütün dünyada olduğu kimi, Türkiyədə də koronavirus səbəbilə tətbiq edilən karantin rejimi bayramın əvvəlki kimi qeyd olunmasını mümkünsüz edir.

Türkiyə bu il milli bayramı necə qeyd edəcək? Bu sualla Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma müraciət etdik.

O, öncə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramının tarixinə toxundu: “23 aprel 1920-ci il türk millətinin iradəsini təmsil edən Böyük Millət Məclisinin açıldığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Atatürkün təşəbbüsü ilə 1929-cu ildən 23 aprel həm də “Uşaq bayramı” olaraq qeyd olunmağa başladı. Bu bayram Atatürkün dünya uşaqlarına bir hədiyyəsi, ərməğanıdır. 1979-cu ildən sonra isə “Uşaq bayramı” beynəlxalq status qazandı. Bu tarixdən başlayaraq dünyanın müxtəlif ölkələrindən gələn uşaqlar burada bu bayramı bizim uşaqlarla birlikdə qeyd edirlər”.

Şamil Ayrımın sözlərinə görə aprelin 23-də nəzərdə tutulan tədbir məlum səbəblərdən dəyişikliyə uğrayıb: “Bu səbəbdən də toplantılar, tədbirlər videokonfranslar vasitəsilə  gerçəkləşdiriləcək. Bildiyiniz kimi, bu il Türkiyə Böyük Millət Məclisinin qurulmasının 100-cü ilidir və biz bunu təntənəli şəkildə keçirmək istəyirdik, lakin məlum hadisələrə görə təxirə salındı. 23 apreldə televiziyalarda bu tarixlə bağlı sənədli film yayımlanacaq. Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkiyə ictimaiyyətini 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramında həmrəylik nümayiş etdirməyə çağırıb. Belə ki, insanlar evlərində və ya yaşadıqları mənzillərin eyvanlarına çıxıb dövlət bayrağını dalğalandıraraq yerli vaxtla saat 21:00-da “İstiqlal marşı”nı oxuyacaq. Eyni zamanda, “Milli Suverenlik və Uşaq Bayram” ilə bağlı hazırladıqları videoları da sosial şəbəkələrdə paylaşacaqlar”.

Millət vəkili qarşıdakı tədbirləri sağlıqlı, daha gözəl şəkildə qeyd edəcəklərinə ümid etdiyini də bildirdi: “Milli Suverenlik və Uşaq Bayramı münasibətilə bütün həmvətənlərimi təbrik edirəm, uşaqları öpürəm. Gələcək nəsillər də Türkiyəmizə, türk dünyasına sahib çıxacaqlar”.

Mehparə SULTANOVA
Ankara