Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Sənətinlə dəstəklə” (#senetinledestekle) çağırışı musiqiçilərin aktiv iştirakı ilə davam edir.
2015-ci ildə “Azərbaycanın səsi” müsabiqəsinin iştirakçısı, müğənni Pərviz Məmmədov bu aksiyaya qoşularaq aprelin 19-da Sabunçu rayon MKS-nin təşkil etdiyi canlı yayımda evindən konsert proqramı ilə çıxış edib. Canlı yayımda müğənnini zərb alətlərində 2006-cı ildə Bakı Caz Festivalının iştirakçısı olmuş Fuad Məmmədov və sintezatorda Anar Bayramov müşayiət edib. Müğənni layihənin təşkili üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə öz təşəkkürünü bildirib.
Estrada müğənnisi Elvin Abdullayev isə aprelin 21-də #senetinledestekle çağırışına qoşularaq evindən pərəstişkarlarına konsert proqramı təqdim edib.
Qeyd edək ki, “Sənətinlə dəstəklə” çağırışı ölkəmizdən kənarda da rezonans doğurub. Aprelin 15-də Türkiyədə yaşayan beynəlxalq müsabiqələr laureatı Müşfiq Quliyev və vokalçı İsmayıl Zeynalov, aprelin 17-də ABŞ-ın Kaliforniya ştatında yaşayan soydaşımız, məşhur kamança ifaçısı İmamyar Həsənov “İnstagram” sosial şəbəkəsi üzərindən yayımlanan layihədə çıxış ediblər.
Layihə üzrə konsert proqramlarını @bakimedeniyyetidaresi hesabından və ifaçıların özlərinin “İnstagram” səhifələrindən izləmək mümkündür.