Qocaman mədəniyyət işçisi Tahir Məmməd oğlu Əliyev 2020-ci il aprelin 20-də, 73 yaşında dünyasını dəyişmişdir.
Tahir Məmməd oğlu Əliyev 2 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Orta məktəbi Ağdaş şəhərində bitirdikdən sonra 1963-68-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (tar ixtisası üzrə) oxumuşdur. Sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. 1972-73-cü illərdə hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə tələbəlik dövründə başlayan Tahir Əliyev əvvəlcə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda müəllim, 1974-1987-ci illərdə Qəbələ rayon Uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır.
1987-ci ildə Ağdaş Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 2003-cü ilədək bu vəzifədə çalışmışdır. 2003-cü ildən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmiş, 2004-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Tahir Əliyev 2017-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2019-cu ilin yanvarınadək həmin vəzifədə çalışmışdır.
Tahir Əliyev 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi qocaman mədəniyyət işçisi Tahir Məmməd oğlu Əliyevin vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.