Virtual formatlı ünsiyyətdə evdən məşq imkanları da özünü göstərir

Xüsusi karantin rejiminin 4 may 2020-ci il tarixinədək uzadılması teatrların da virtual formatda fəaliyyətinin daha bir müddət sürəcəyini zəruri edir. Eyni zamanda bu istiqamətdə fəaliyyətdə ötən həftə Mədəniyyət nazirinin iştirakı ilə keçirilən teatrların fəaliyyətinə dair videokonfransda səslənən fikir və tövsiyələr də diqqətə alınmaqdadır.

 Artıq paytaxt və digər şəhərlərdəki dövlət teatrları ilə yanaşı, xalq teatrları da mövcud şəraitdə internet üzərindən fəaliyyət imkanlarını nümayiş etdirirlər.

Dövlət teatrlarının virtual repertuar tərtibatına gəlincə, bu məqam həm də özlüyündə tamaşaçı ilə teatrın ünsiyyətinin davamlılığı baxımından da yaxşı imkandır. Bunun üçün teatrların üzərinə düşən əsas iş sosial şəbəkə ünvanlarına gələn istək mesajları, tamaşaçı müraciətlərinin statistikasını aparmaqla  repertuar planına yenidən nəzər yetirməkdir.

Davam edən karantin günlərində özünün retro tamaşalar nümayişi  ənənəsinə sadiq qalan Akademik Milli Dram Teatrının sosial şəbəkə hesablarında sevdiyiniz uşaq tamaşalarını da izləyə bilərsiniz.

Akademik Musiqili Teatr da işini karantin qaydalarına əsasən səmərəli qurmağa çalışır. Bu məsələ ötən həftə  teatrın kollektivinin ev şəraitində fəaliyyətinə həsr olunmuş videokonfransda da ətraflı müzakirə edilib. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu istiqamətdə beynəlxalq təcrübədən də yararlanaraq, sosial şəbəkələr üzərindən teatrın repertuarında olan tamaşaların onlayn nümayişinin yüksək səviyyədə təşkil edildiyini bildirib.

Onlayn tamaşa nümayişi ilə yanaşı, videokonfrans formatında məşqlərin aparılması üçün mövcud resurslardan istifadəni də vacib sayan teatr rəhbəri artıq virtual məşqlərə start verdiklərini deyib. İlk olaraq İradə Gözəlovanın quruluş verəcəyi və məşqi yarımçıq qalan “Cehizsiz qız” tamaşasının məşqlərinə başlanılıb. A.Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın mövsümün sonunadək hazır olması nəzərdə tutulub.

***

“Evdə qal, tamaşa izlə” kreativ layihəsi çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da sosial şəbəkə üzərindən aprelin son həftəsinin  repertuarını təqdim edib. Onlayn məşqlərə gəlincə, paralel olaraq Ə.Haqverdiyevin “Kimdir müqəssir?”, Q.Narqabilin “Rəis və beş dul qadın” və V.Şekspirin “Kral Lir” əsərlərinin məşqləri “Zoom” proqramı vasitəsilə davam etdirilir.

***

Yuğ Dövlət Teatrının karantin gündəliyi daha çox videoyazısı olan tamaşalar əsasında ərsəyə gəlir. Yeri gəlmişkən, məhz karantin müddətində Yuğ teatrının “Youtube” kanalı yaradılıb.

Həftədə iki dəfə teatrın “Facebook” və “Youtube” sosial hesablarında tamaşaların videoları paylaşılır. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar izləyicilərə təqdim olunur.

***

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da karantin dövrü repertuarı rəngarəngdir. Repertuardakı əksər tamaşalar, eləcə də teatrın beynəlxalq festivallardakı çıxışlarının videoyazıları müntəzəm olaraq teatrın “Youtube” və “Facebook” hesabında yerləşdirilir.

Teatrın elan etdiyi nağıl müsabiqəsinə təqdim olunan yazıların oxunuşu, eləcə də uşaqların mesaj bölməsinə göndərdikləri mesajlar əsasında etüdlərin, kiçik həcmli pyeslərin oynanılması da davam etdirilir.

***

Gənc Tamaşaçılar Teatrı da repertuar tamaşalarının nümayişinin ardınca onlayn məşq prosesinə qoşulub. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda İsmayıl İmanın “Balaca yaramaz məxluq” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın “Zoom” proqramı ilə məşqi aparılır. Quruluşuna karantin günlərindən əvvəl başlanılan və səhnə oxunuşu başa çatan əsər üzərində onlayn ünsiyyətlə iş davam etdirilir. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzludur.

Karantin günlərində bu teatrın əməkdaşlarının sosial şəbəkə izləyiciləri ilə virtual ünsiyyəti də genişlənib. Xüsusilə gənc aktyor heyəti elektron resursların təqdim etdiyi imkanlardan bacarıqla istifadə edir, bu prosesə öz ailə üzvlərini, sənətlə birbaşa əlaqəsi olmayan yaxın çevrələrini də maraqlı yaradıcı taktlarla qoşa bilirlər.

***

Sumqayıt Dövlət Dram Teatrının xüsusi karantin rejimində fəaliyyəti  videokonfrans formatında müzakirə olunub.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov  internet üzərindən, sosial media platformaları vasitəsilə keçirilən təqdimatların müsbət rezonans  doğurduğunu vurğulayıb. Bildirib ki, müasir texnoloji vasitələrin yaratdığı imkanlardan  bəhrələnərək  biz də özümüzün virtual  repertuar planını  qurmuşuq və sosial şəbəkələr üzərindən tamaşaçılara xidmət göstəririk. Diqqətə çatdırılıb ki, karantin rejiminin ilk iki  həftəsində  teatrın tamaşalarının virtual izlənmə sayı (10 tamaşa üçün) 7 mindən çox olub.

***

Gəncə, Ağdam, Qazax, Lənkəran, Mingəçevir dövlət dram teatrları da “Evdə qal, teatrsız qalma” çağırışına uyğun olaraq tamaşalarının nümayişini davam etdirirlər.

Bölgə teatrları arasında aktiv sosial şəbəkə istifadəçiləri kimi Qusar Dövlət Ləzgi Dram və Qax Dövlət Kukla teatrlarını da qeyd etməliyik. İstər onlayn məşq, istər müxtəlif mövzularda canlı yayım, istərsə də paylaşımlarının say sırasına görə hər iki teatr seçilir.

Mədəniyyət nazirinin məlum videokonfransdakı çıxışında xalq teatrlarının fəaliyyətinə də yer verməsi onların mövcud şəraitdə fəaliyyətini gündəmə gətirib. Bir neçə xalq teatrının sosial şəbəkə ünvanına nəzər salarkən onların da bu müstəvidə fəaliyyət göstərdiyinin şahidi olduq. Bu mənada Mərdəkan Mədəniyyət sarayının xalq teatrının, eləcə də Zaqatala, Beyləqan, Xaçmaz, Cəlilabad xalq teatrlarının aktivlik nümayiş etdirdiklərini gördük.

Yuxarıda sadalanan müsbət tendensiyalarla yanaşı, ümumilikdə teatr sənətimizin çağdaş dövrün texnoloji imkanlarından yararlanması hələ arzuolunan səviyyədə deyil.  Hətta sosial media şəbəkələrinə çıxa bilməmiş kollektivlər var. Ümid edək ki, qarşıdakı günlərdə onlar da milyonlarla insanın həyatına nüfuz edən virtual sosial ünsiyyət sisteminə inteqrasiya edəcəklər.

HƏMİDƏ