Hələ ötən ilin sonlarından Alman-Azərbaycan Cəmiyyətinin 30, mənim isə 60 illik yubileyim münasibətilə “30+30: Birlikdə-Zusammen” layihəsinin hazırlığına başlamışdıq.
Layihə çərçivəsində 18 apreldə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında (Alman kirxası) ziyafət – rəsmi hissə və Almaniyadan gələcək musiqiçilər Ida Haag, Viktor Gayst və Aleksandr Haan ilə yanaşı, Azərbaycanın klassik musiqi ifaçılarının da iştirakı ilə konsert nəzərdə tutulmuşdu.
Ondan bir gün öncə keçiriləcək “Azərbaycan-Almaniya: münasibətlər və perspektivlər” adlı beynəlxalq konfrans üçün Azərbaycanın elm və təhsil ocaqlarından və xaricdən tədbirin koordinatoru, professor Həcər Verdiyevanın elektron ünvanına çoxlu sayda məqalələr daxil olmuşdu. Konfransda Almaniyadan – Yena şəhərindən Bernd Ştange və xanımı Dorothea, İngolştadtdan professor Oskar Valter, Nürnberqdən Valdemar Ayzenbraun, professor Olga Litzenberger, Türkiyədən Ankara Qazi Universitetinin professoru Selma Yel, Gürcüstandan Tbilisi Dövlət Universitetinin professoru Nana Gaprindaşvili, tədqiqatçı Simon Kapadze, Qazaxıstandan Yuliya Podoprigora və başqa qonaqların iştirakı gözlənilirdi.
Onu da qeyd edim ki, ailə dostum, məşhur futbol məşqçisi Bernd Ştangenin Bakıya gəlişi münasibətilə onu tanıyan Azərbaycanın futbol mütəxəssisləri, media nümayəndələri, elm və incəsənət xadimlərinin iştirakı ilə Keşlədə təhsil aldığım orta məktəbin meydançasında dostluq oyununu keçirərək, məktəbliləri də sevindirmək istəyirdik.
Ancaq hər şey biz saydığımız və hesabladığımız kimi yox, qaydaları pozulmuş təbiətin istədiyi kimi oldu...
Hələ martın 13-də dostum Manfred Ştaynel mənə telefonla “Bəlkə tədbiri təxirə salasan” mesajını yazmışdı. Ertəsi gün səhər tezdən dostum Bernd Ştange də vəziyyətin gərgin olduğunu bildirdikdə Mədəniyyət Nazirliyinin rəsmisi İsmayıl Hüseynovla əlaqə saxlayıb tədbiri başqa vaxta keçirmək qərarına gəldik.
Əlbəttə, bu qərar hər birimizi məyus etmişdi. Onu da deyim ki, dostum Manfred Ştaynel on il əvvəl başına gələnlərdən ehtiyatlanaraq bu dəfə bileti öncədən almamışdı. 2010-cu ildə, Alman-Azərbaycan Cəmiyyətinin 20 illik yubileyinə gələrkən İslandiyada vulkan püskürməsi səbəbindən Avropanın üzəri qara buludlara bürünmüş, o da bir neçə gün İstanbulda qalmağa məcbur olmuşdu.
Bütün bu qəfil cərəyan edən hadisələr, düşünürəm ki, təbiətin qəzəbi ilə bağlıdır. Təbiətdə qaydalar pozulduqda, onun quruluşuna dərindən müdaxilə edildikdə, o, zəlzələ, sunami kimi fəlakətlərlə, vulkan püskürdərək insanlara mesaj göndərir. Alman sənətşünası Albrext Dürerin fəlsəfəsində elm və yaradıcılığın təbiətlə bağlılığı fikri müasir dövrümüzdə də öz təsdiqini tapır desək, yanılmarıq.
Ancaq layihədə olduğu kimi, biz “Birlikdə” olmaqla, gücümüzü göstərib, qloballaşan dünyada adət-ənənələri qoruyub, təbiətin sərvətlərindən ədalətlə faydalanmalıyıq. Cəmiyyət ruhdan düşməməli, hərə öz işində peşəkarlıqla gələcəyə inamla addımlamalıdır.
Fürsətdən istifadə edib, bu arada Alman-Azərbaycan Cəmiyyətinə ünvanlanan təbriklərə görə hər kəsə təşəkkürümü bildirirəm.
“30+30: Birlikdə-Zusammen” kitab-kataloqunun təqdimatında tezliklə görüşmək ümidi ilə…
Çingiz ABDULLAYEV
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor