“Walt Disney” korporasiyası bu həftədən başlayaraq 100 mindən çox əməkdaşına maaş ödəməyəcək. Bu kompaniyanın dünya üzrə işçilərinin demək olar ki, yarısıdır.

“Financial Times” qəzeti xəbər verir ki, Florida ştatında və Parisdə kompaniyanın əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib və onlar yalnız dövlətin dəstəyinə ümid edə bilər.

 “Walt Disney”in əməkdaşları ABŞ-da dövlətin koronavirus şəraitində kompaniyalara dəstək proqramı çərçivəsində həftədə 600 dollar müavinət almaları üçün ərizə verməlidir. Şirkət öz əməkdaşlarına tibbi xidmətlər üzrə tam sosial paketi saxlamağı vəd edib. Parisin “Disneyland” əyləncə mərkəzinin əməkdaşları isə Fransa hökumətinin maaşların 84 faizini kompensasiya edəcəyini gözləyir.

2019-cu ildə parklardan, əyləncə servislərindən və suvenir məhsullardan təxminən 7 milyard dollar və ya əməliyyat gəlirlərinin təxminən yarısını qazanan “Disney” koronavirusla mübarizə çərçivəsində bütün dünya üzrə hotel və əyləncə parklarının bağlanması səbəbindən xeyli zərərə uğrayıb.

İLONA