Aprelin 23-də – böyük ispan yazıçısı Migel de Servantesin xatirə günündə onun dünyaca məşhur “Don Kixot” romanının ənənəvi oxusu keçirilir. Bu il pandemiya səbəbindən “Don Kixot” oxusu virtual rejimdə gerçəkləşəcək.
Asturiya şahzadəsi Leonar və onun bacısı, İspaniya infantası Sofiya da aprelin 23-də virtual oxuda virtual iştirak edəcəklər. Bu il “Don Kixot” romanının ilk nəşrinin 415 ili tamam olur.
Xatırladaq ki, 23 aprel Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə (hər ikisi 23 apreldə vəfat edib) ehtiram olaraq UNESCO tərəfindən Dünya Kitab və Müəllif Hüquqları Günü elan edilib. İspaniyada isə bu tarix Kitab günü kimi qeyd edilir və bu gün “Don Kixot” romanının ənənəvi oxusu keçirilir.
Layihəni həyata keçirən İspaniya İncəsənət Dərnəyi (Círculo de Bellas Artes) COVİD-19 pandemiyası ilə əlaqədar canlı oxunun qeyri-mümkün olduğunu nəzərə alaraq virtual oxu təşkil edib. Bu il xalq şahzadənin bacısı infanta Sofiyanı da ilk dəfə dinləyəcək.
Romanın kollektiv oxunuşuna adətən ispandilli ölkələrdə ən mötəbər mükafatın – Servantes mükafatının laureatı başlayır. Bu il oxunu ədəbi mükafatın 2019-cu il laureatı Joan Marqarit açacaq.
“Hiyləgər idalqo Lamançlı Don Kixot” romanı İntibah dövrünün böyük yazıçısı Migel de Servantes Saavedra tərəfindən 1605-1615-ci illərdə yazılıb.
SƏBİNƏ