Xəbər verdiyimiz kimi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO koronavirus pandemiyası ilə mübarizə proqramı çərçivəsində təşviq layihələri həyata keçirir.
COVİD-19 ilə mübarizə üçün mükafat
Dünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı səyləri birləşdirmək çağırışına cavab olaraq, İCESCO COVİD-19 ilə mübarizəyə dair mükafat elan edib. Mükafatın təsis edilməsində məqsəd bəşəriyyəti bürüyən qlobal sağlamlıq böhranı fonunda effektiv və davamlı həllər tapmaq üçün tibbi və elmi araşdırmaların stimullaşdırılmasıdır.
Mükafat olaraq 200 min ABŞ dolları və xüsusi medal nəzərdə tutulub.
Mükafata namizədliyini təqdim etmək üçün COVİD-19-a qarşı effektiv dərman vasitəsi və ya peyvənd tapdığını iddia edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi – Mərakeş Krallığının Rabat şəhərində, İCESCO-nun baş qərargahında yerləşən təşkilatın baş direktorunun rəhbərlik etdiyi Seçim komitəsinə (ətraflı məlumat www.icesco.org saytında) aşağıdakılar daxil olmaqla tam müraciət göndərməlidir:
Kəşf haqqında təfsilatlı hesabat faylı.
Müstəqil tədqiqatçı və ya tədqiqatçılar qrupunun tərcümeyi-halı (CV-lər). Tədqiqat müəssisəsi olduqda, aparıcı elmi mütəxəssisin CV-si.
Rəsmi səlahiyyətli orqanlar tərəfindən akkreditə olunmuş hüquqi şəxs tərəfindən patent qeydiyyatı.
İddianı dəstəkləyən bütün texniki sənədlər (nominasiyanı dəstəkləmək üçün 3 tövsiyə məktubu).
Müraciətlər award@icesco.org elektron ünvanına göndərilməlidir.
Seçim komitəsi müraciətləri dəyərləndirərkən milli səhiyyə orqanlarından, Dünya Səhiyyə Təşkilatından və ya zəruri hesab etdiyi hər hansı bir qurumdan əlavə rəy və tövsiyə ala bilər.
“İCESCO rəqəmsal ev” təşəbbüsündə qısametrajlı film müsabiqəsi
İCESCO-nun növbəti təşviq layihəsi “İCESCO rəqəmsal ev” təşəbbüsünün “Distant mədəniyyət” layihəsi çərçivəsində qısametrajlı film mükafatıdır.
Azərbaycan Respublikasının İCESCO üzrə Milli Komissiyasının məlumatına görə, mükafat ən yaxşı 3 qısametrajlı filmə (müvafiq olaraq 8, 6 və 4 min dollar məbləğində) veriləcək.
Mükafat gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıyır. Bu mükafat həmçinin film istehsalını təşviq etməyə, İCESCO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, “həyat iqtisadiyyatı” və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa xidmət edir.
Müsabiqədə iştirak edən filmlər dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVİD-19) dövründəki gündəlik həyat və komediya kateqoriyalarını əhatə etməlidir.
Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.
Müsabiqədə iştirak üçün təqdim olunan qısametrajlı filmin xronometrajı 4 dəqiqədən çox olmamalı, əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməməli, bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməli, İCESCO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı ilə verilməlidir.
İştirakçılar filmlərini film@icesco.org e-mail ünvanına göndərməlidir.
İCESCO “Distant mədəniyyət” təşəbbüsü çərçivəsində həmçinin aşağıdakı yaradıcılıq sahələrinin hər biri üzrə üç tələbəyə mükafat ayırıb: qısa hekayə yazmaq, rəsm çəkmək, musiqi kompozisiyası və ya digər yaradıcı məhsul yaratmaq. Mükafatlar müvafiq olaraq 6, 4 və 2 min dollar məbləğindədir.
***
Hər iki müsabiqə ilə bağlı suallar Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İCESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilə bilər.
E-mail: info@creative.az