Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 21-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 44 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Məlumatda bildirilir ki, ötən dövrdə ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib. 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Məlumata görə, Azərbaycanda COVİD-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 28 fevral tarixindən etibarən ümumilikdə 102 764 test aparılıb.

***

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə tətbiq olunan xüsusi  karantin rejiminin mayın 4-dək uzadılması barədə qərar qəbul edib. Bununla bağlı məlumatda bildirilir ki, virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 20 aprel 2020-ci il tarixinədək isə xüsusi karantin rejimi elan edilib. Ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanıb, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilib, xaricdən xəstəliyin idxalının qarşısı alınıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınıb, kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

Bununla belə, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədilə karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Nazirlər Kabinetinin  2 aprel 2020-ci il tarixli qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması mayın 4-dək uzadılır. Eyni zamanda karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.