Aprelin 23-də beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, İCESCO-nun baş direktoru, UNESCO və digər qurumların nümayəndələrinin iştirak etdiyi virtual görüş Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.
Virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla) “Bakı Prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT tərəfindən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.