Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı bu il miladi təqvimlə aprelin 25-də başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bununla bağlı fətva verib. “Mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını, o cümlədən ölkəmizdəki müsəlman qardaş və bacıları müjdələyir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik”, – deyə fətvada bildirilir.
Qeyd edilir ki, builki Ramazana bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik: “Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.
Vurğulanır ki, bu mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludur. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Necə ki Allahın Peyğəmbəri (s) “Bu ayda ən yaxşı əməl nədir?” sualına cavab olaraq buyurdu: “Bu ayda ən yaxşı əməl, özünü Allahın qadağan etdiklərindən daha çox çəkindirməkdir”.
Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Dövlətin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökumətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar.
“Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Ramazan günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edib, xəstələrin şəfa tapmasını diləyirik”, – deyə fətvada vurğulanır.
Həmçinin diqqətə çatdırılır ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – miladi təqvimlə may ayının 24-nə təsadüf edəcək.