Aprelin 22-də UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilib. Görüşün təşkilində əsas məqsəd COVİD-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olub.
Məlum olduğu kimi, COVİD-19 pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib, mədəniyyət məkanlarına giriş məhdudlaşdırılıb, əksər mədəni tədbirlər təxirə salınıb və ya ləğv olunub.
Virtual görüşə dünyanın 130-dan çox ölkəsindən nazirlər və digər yüksəkvəzifəli rəsmilər qatılıb.
UNESCO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev öncə pandemiya dövründə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışaraq, ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar haqqında məlumat verib. Bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş yayılmasının qarşısının alındığı diqqətə çatdırılıb.
Xüsusi karantin şəraitində dövlətimizin həyata keçirdiyi müxtəlif sosial proqramlar haqqında məlumat verən Əbülfəs Qarayev Mədəniyyət Nazirliyi tərəfindən də 20-dən artıq layihənin həyata keçirildiyini qeyd edib. Misal olaraq, “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən” və digər layihələrdən danışan nazir onların mövcud şəraitdə xüsusi önəmini vurğulayıb.
Yaranmış vəziyyətdə qlobal layihələrin əhəmiyyətindən də söz açan nazir bildirib ki, Azərbaycan UNESCO tərəfindən 15 aprel tarixindən etibarən açıq elan edilən “ResiliArt” qlobal hərəkatına fəal şəkildə qoşulub və bu hərəkat ölkəmizin yaradıcı adamları arasında təbliğ edilməkdədir. Qeyd edək ki, sözügedən hərəkat COVİD-19 pandemiyasının mədəniyyət sahəsinə hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmağı və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.