Satışdan əldə olunacaq vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə incəsənət-xeyriyyə layihəsinə start verib.

İdarədən bildirilib ki, layihə çərçivəsində qurum Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edib.

Əsərlər aprelin 24-də təşkil ediləcək xüsusi qapalı auksionda onlayn formatda nümayiş etdiriləcək. Auksion aprelin 27-də saat 12:00-da başa çatacaq.

Auksionun keçiriləcəyi səhifəyə “İçərişəhər” DTMQİ-nin “İçərişəhər - Living History” “Facebook” səhifəsindəki linkdən keçid etmək olar.

Qeyd edək ki, nümayiş olunan əsərlər üçün təkliflər qapalı formatda qəbul olunacaq – beləliklə, müəyyən bir sənətkarın sənət əsərini almaq istəyən hər kəs səhifədə şəxsi mesaj yazmaqla təkliflərini artıra biləcək. Gündə bir dəfə auksiona çıxarılan hər sənət əsəri üçün təklif olunan ən yüksək məbləğ elan olunacaq.

Rəssamların əsərlərinin satışından toplanan vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.