Bütün dünyanı bürüyən pandemiya dövründə insanların çoxu özünütəcrid şəraitində mütaliə edir. Bu fikir UNESCO-nun baş direktoru Odre Azulenin 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə ictimaiyyətə müraciətində qeyd olunub.
Dünya Kitab və Müəllif Hüquqları Günü (World Book and Copyright Day) 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında dünya ədəbiyyatına böyük töhfələr vermiş Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə (hər ikisi 1616-cı ilin 23 aprelində vəfat edib) ehtiram olaraq təsis edilib. Bu günün anlamı kitaba və müəlliflərə hörmətdir. Azərbaycanda Dünya Kitab və Müəllif Hüquqları Günü 1997-ci ildən qeyd edilir.
UNESCO-nun baş direktorunun müraciətində diqqətə çatdırılır ki, kitab həm əyləndirmək, həm də bilik vermək iqtidarına malikdir. Kitab, həmçinin insanı əsərin müəllifi, digər aləm və ya mədəniyyətlər ilə tanış olmağa kömək edir, eyni zamanda insanın öz dünyasına dərindən nüfuz etməsinə imkan yaradır.
Müraciətdə kitabları ərsəyə gətirən müəlliflərin rolu vurğulanır. Qeyd olunur ki, məhz onların istedadı sayəsində bizim üçün həyatın rəngarəngliyini görməyə imkan yaradılır, dünyaya pəncərə açılır. Onları xatırlayarkən biz kitabla bağlı digər sənət nümayəndələrini, ədəbi irsimizin populyarlaşmasında bilavasitə iştirak edən, yeni yaradılan əsərlərlə tanış olmaq imkanı yaradan, yeni ideyaların yayılmasını təmin edən naşirləri, redaktorları və tərcüməçiləri yaddan çıxara bilmərik. Bu sənətləri dəstəkləmək və təşviq etmək lazımdır.