Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının sosial təcrid şəraitində “İnstagram” və “Facebook” sosial şəbəkələrində həyata keçirdiyi “#Kitab səhifələrindən mavi ekrana” adlı layihəsi davam edir.
Layihə çərçivəsində kitabxana əməkdaşları ədəbi əsərlərin motivləri əsasında çəkilən filmlər haqqında videoçarxlar hazırlayaraq paylaşırlar. Sosial şəbəkə istifadəçiləri bu videoçarxları izləyərkən yalnız bu və ya digər kitab – bədii əsər haqqında deyil, həmçinin əsərin motivləri əsasında çəkilən kino haqqında da yığcam, dolğun məlumat almış olurlar. Aksiyanın əsas məqsədi kinofilmlər vasitəsilə ədəbiyyatın təbliği, mütaliəyə marağın artırılması, istifadəçiləri yerli və dünya ədəbiyyatı, həmçinin kinematoqrafiya ilə yaxından tanış etməkdir.
Ötən müddətdə layihə üzrə Azərbaycan və dünya kinosu nümunələrindən “Sevil”, “Almaz”, “Səhər”, “Dərviş Parisi partladır”, “Qətl günü”, “Bəxt üzüyü”, “Aygün”, “Uzaq sahillərdə”, “Qürur və qərəz”, “Pianoçu” və s. filmlər haqqında videoçarxlar hazırlanıb.
“#Kitab səhifələrindən mavi ekrana” aksiyası ilə Respublika Gənclər Kitabxanasının “İnstagram” və “Facebook” səhifələri vasitəsilə tanış ola bilərsiniz.