Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə dahi söz ustadı Məhəmməd Füzuli haqqında Vikipediya beynəlxalq elektron ensiklopediyasında özbək dilində bölmə yaradılıb. Bölmə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya könüllüləri” ilə əməkdaşlıq əsasında ərsəyə gəlib.
Bölmədə dahi şairin həyatı, yaradıcılığı, əsərləri, sözlərinə yazılan musiqi əsərləri haqqında məlumat verilir. Həmçinin dahi Azərbaycan şairinin xatirəsinin əbədiləşdirilməsi – Bakı şəhərinin mərkəzində möhtəşəm heykəlinin ucaldılması, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna ədibin adının verilməsi, 1996-cı ildə 500 illik yubileyi münasibətilə “Füzuli Ensiklopediyası”nın hazırlanaraq nəşr edilməsi, Füzuli beynəlxalq mükafatının təsis edilməsi haqqında da məlumatlar əksini tapıb. Şairin adı verildiyi Füzuli rayonunun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi də diqqətə çatdırılır.
Alt bölmədə Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində 2019-cu ildə yaradılan M.Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi haqqında da məlumat yerləşdirilib.
Bölmə ilə https://uz.wikipedia.org/wiki/Fuzuliy linkində tanış olmaq mümkündür.
Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə həmçinin bu il Məhəmməd Füzulinin əsərlərinin özbək dilinə tərcüməsi həyata keçirilir və kitabın nəşri planlaşdırılır.