Heydər Əliyev Mərkəzi bu sırada ilk memarlıq nümunələrindən biri sayılır
Fransanın “Le Figaro” qəzetində “Arxitektura və süni intellekt: ilkin planlar” adlı məqalə dərc olunub. Məqalədə ABŞ-ın Harvard Universitetinin gənc arxitektoru və tədqiqatçısı Stanislav Şayu süni intellektin arxitektura sahəsində tətbiqindən bəhs edir.
Yazıda Bakıdakı Heydər Əliyev Mərkəzi süni intellekt vasitəsilə yaradılmış ən ecazkar memarlıq abidələrindən biri kimi qeyd olunur. Vurğulanır ki, Heydər Əliyev Mərkəzinin layihə müəllifi Zaha Hadid bununla kompüter memarlığı sənətində nəhəng addım atıb.
Bildirilir ki, süni intellektin arxitekturada istifadəsi son illərdə başlayıb. Dünyada süni intellektdən istifadə edərək fövqəl memarlıq abidələri yaradanlar arasında Zaha Hadid birinci olub. Onun bu sahədə layihələri arasında Heydər Əliyev Mərkəzinin arxitekturası xüsusi yer tutur.
Yazıda bu mövzu ilə bağlı gənc tədqiqatçının “Pavillon de l’Arsenal”da hazırladığı sərginin pandemiyaya görə təxirə salındığı qeyd olunur. Ancaq maraqlananlar sərgini virtual olaraq izləyə bilərlər.
S.Şayu qeyd edib ki, kompüter – süni intellekt tikintinin konsepsiyasının yaradılması mərhələsində daha vacib planlar təqdim edə bilər. “Süni intellekt insana yardım edə bilər, ancaq onu əvəz edə bilməz. Hər hansı bir nöqtəyə toxunan kimi həll tapılmır. Hər hansı bir modelin yekun formasını əldə etmək üçün daha çox işləmək və müvafiq proqram hazırlamaq lazımdır. Süni intellektin məqsədi həmişə daha çox həll yolları göstərməkdir”, – deyə o vurğulayıb.