Xəbər verdiyimiz kimi, bu ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib.

Sözügedən layihə çərçivəsində aprelin 24-dən “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi elan edilir. Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsi və Bakıdakı Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.

Müsabiqənin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik yeniyetmə və gənclərinin (14-30 yaş)  yaradıcı fəaliyyətini stimullaşdırmaq, Azərbaycan və ümumtürk mədəniyyətini təbliğ etmək,  dostluq və qardaşlıq bağlarını daha da dərinləşdirməkdir.

Müsabiqədə ideya və mənaya malik, habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük veriləcək.

Rəsmlərin fotoları, habelə müəllifin şəxsiyyət vəsiqəsinin (pasportunun) surəti və özü haqqında məlumat Daşkənd şəhərində fəaliyyət göstərən AMM-in elektron poçtuna (culcenter.az@gmail.com) göndərilməlidir.

Rəsm əsərlərinin orijinalını isə Özbəkistandan olan müsabiqə iştirakçıları tərəfindən Heydər Əliyev adına AMM-ə (Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, (+998) 71 293 50 92) ünvanına, Azərbaycandan olan iştirakçılar tərəfindən isə Bakıdakı Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.   

Müsabiqə haqqında əlavə məlumat AMM-in saytında (http://azculture.uz).