Karantin qismən yumşaldılsa da, məktəblərin açılması ilə bağlı hələ müəyyən fikir yoxdur

Karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək. Çünki müvafiq sahədə fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir.

Bu barədə aprelin 27-də Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə deyib.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, mart ayının 3-də təhsil sektorunda fəaliyyətin dayandırılması ilə yaranan mövcud vəziyyətin mənfi təsirlərini aradan qaldırmaq üçün mühüm addımlar atılıb. Yaranmış boşluğu doldurmaq üçün “Mədəniyyət” kanalında teledərslərin yayımına start verilib. Hazırda təxminən 1 milyon 600 min şagird teledərslərdən yararlanmaq imkanına malikdir və aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirdə yayımlanacaq.

Aprelin 2-dən etibarən “Virtual məktəb” layihəsinə də start verilib. Bu da şagirdlərə daha geniş məzmunun çatdırılmasına imkan yaradıb. “Virtual məktəb” layihəsi müəllim və şagirdlər arasında interaktiv ünsiyyətin formalaşmasına şərait yaradır. Hazırda “Virtual məktəbdə” 650 min şagird və müəllim qeydiyyatdan keçib. Bundan əlavə, şagirdlər onlayn platformalar üzərindən yarışlarda, müsabiqələrdə, intellektual oyunlarda iştirak edirlər.

Pandemiya dövründə ali təhsil müəssisələrində təhsil distant formada həyata keçirilir. Ali məktəblərin bəzilərində distant təhsil artıq mövcud idi, 21 ali təhsil müəssisəsi isə Təhsil Nazirliyinin dəstəyi ilə distant təhsilə keçdi.

“Təhsil sahəsində layihələr əvvəlcə pilot olaraq icra edilir. Pandemiya şəraitində distant təhsilə keçid uğurlu bir təcrübə oldu. Distant təhsil, eyni zamanda ikili diplom proqramlarında tətbiq olunur. Pandemiyadan sonra da distant təhsilin geniş tətbiq olunması nəzərdə tutulur”, – deyə C.Bayramov bildirib.

Nazir məlumat verib ki, 2019-2020-ci tədris ilinin yaz semestrində tələbələrin qiymətləndirilməsi ilə bağlı təkliflər hazırlanır. Bununla bağlı universitetlər öz təkliflərini hazırlayırlar. Bütün təkliflər nəzərdən keçirildikdən sonra yekun qərar veriləcək.

Koronavirus pandemiyasından sonra tədris bərpa olunduqda şagirdlərin xüsusi qiymətləndirilməsi aparılacaq. Bu qiymətləndirmədən sonra növbəti tədris ilinin proqramına başlanılacaq.

C.Bayramov onu da vurğulayıb ki, tədris prosesi bərpa edildikdən sonra da sosial məsafənin qorunmasına diqqət ayrılacaq, sanitar qaydalara xüsusi nəzarət olunacaq. Bununla bağlı siniflərdə şagirdlərin sıxlığı məsələsi mütəxəssislərlə müzakirə ediləcək.

***

Xatırladaq ki, Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti aprelin 27-dən bərpa edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, geyim, kompüter avadanlıqlarının, elektronika və məişət texnikasının, mobil cihazların ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri – ümumilikdə 20-dək iş və xidmət sahəsində fəaliyyət bərpa olunub. 

Ticarət mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.