Pandemiya səbəbindən elan edilmiş karantin rejimində dünyanın bir çox ölkələrinin mədəniyyət müəssisələri internet üzərindən onlayn şəkildə öz fəaliyyətlərini davam etdirir, qarşılıqlı təcrübə və nəzəri fikir mübadiləsi həyata keçirirlər.
Rusiyanın İ.E.Qrabar adına Bərpa Mərkəzinin elmi tədqiqat və sərgi işləri üzrə direktor müavini Olqa Temerinanın “Zoom” proqramı vasitəsilə təşkil etdiyi onlayn mühazirə də bu baxımdan diqqət doğurub.
Mühazirədə Rusiyanın qocaman bərpa mərkəzinin fəaliyyət istiqamətlərindən, bərpaçılığın peşə xüsusiyyətlərindən, mərkəzin mütəxəssisləri tərəfindən bərpa olunmuş unikal əsərlərdən bəhs edilib.
Fəaliyyətində daha çox Rusiya bərpa məktəbinin elmi-təcrübi tədqiqatlarına əsaslanan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları üçün bu mühazirə xüsusi maraq kəsb edib. Mərkəzin əməkdaşları mühazirədə fəal iştirak ediblər.
Sonda mühazirəçiyə bərpa sahəsində, xüsusən də qrafika, rəngkarlıq əsərlərinin bərpası məsələlərinə dair suallar verilib, fikir mübadiləsi aparılıb.