Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də, ömrünün 89-cu ilində dünyasını dəyişib. Abuzər Xələfovun vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, elm, təhsil və mədəniyyət xadimləri adından nekroloq yayımlanıb.
Nekroloqda qeyd olunur ki, Abuzər Xələfov 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olub. O, Göyçə mahalının Toxluca kəndində orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Abuzər Xələfov bütün sonrakı taleyini bu təhsil ocağı ilə bağlayaraq, burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixi mövzusunda namizədlik və 1975-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Respublikamızda ali təhsilli kitabxanaçı-biblioqraf və kitabxanaçı kadrların hazırlığını həyata keçirən fakültənin yaradılmasında Abuzər Xələfovun əvəzsiz xidmətləri var. Onun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib. Abuzər Xələfov 1962–1970-ci və 1980–1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda 1963-cü ildən 2016-cı ilədək uzun dövr ərzində universitetin Kitabxanaşünaslıq kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərib.
Nekroloqda bildirilir ki, Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf yolu professor Abuzər Xələfovun kitabxana-informasiya fəaliyyəti üçün elmi-təcrübi əhəmiyyətə malik tədqiqatlarında başlıca yer tutub. Alim ölkəmizdə kitabxana işi quruculuğunun müxtəlif problemlərindən bəhs edən çoxsaylı araşdırmaları ilə bu sahənin elmi əsaslar üzərində qurulmasında mühüm rol oynayıb. Onun kitabxanaşünaslıq sahələrinin formalaşması, həmçinin genişprofilli kitabxana işçilərinin hazırlanması ilə bağlı fikir və mülahizələri bu istiqamətdə məsələlərin optimal həllinə töhfə olub.
Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.
Professor Abuzər Xələfovun zəngin pedaqoji-elmi fəaliyyəti layiqincə qiymətləndirilib. O, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib.
Nüfuzlu pedaqoq və alim, səmimi insan Abuzər Alı oğlu Xələfovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin.