Aprelin 28-də Milli Kitabxananın əməkdaşları tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının 97-ci ildönümü münasibətilə hazırlanmış elektron məlumat bazası təqdim olunub.
Elektron məlumat bazası (anl.az/el/emb/ZE/index.html) alimin həyat və fəaliyyətinə dair sənədlər, kitabları, elmi məqalələri, haqqında yazılan kitab və məqalələr, fotoalbomlar, videoqalereya və digər materialları əhatə edir.
Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verərək, göz xəstəliklərinin aktual problemlərinə dair sanballı tədqiqatların müəllifi olub. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Gözlərə nur, qəlblərə hərarət bəxş edən böyük insan, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat, kamillik və müdriklik məktəbidir.