Beş ildir ki, Bakı Xoreoqrafiya Akademiyası (BXA) unikal strukturu və varislik prinsipinə uyğun bir-birini əvəz edən çoxpilləli təhsil sistemi ilə uğurlu fəaliyyət göstərir. Lakin xoreoqrafiya sənəti özlüyündə çox mürəkkəb bir sənət hadisəsi olduğuna görə onun tədrisinin özəllikləri var.

Xoreoqrafiya sənəti bədii-yaradıcı fəaliyyət növlərindən biri olaraq, özünəməxsus formada – rəqs vasitəsilə insanın daxili aləmini, istəklərini yaradıcı şəkildə əks etdirir. Görkəmli baletmeyster və müəllim Rostislav Zaxarov bu anlayışa belə bir tərif verib: “Xoreoqrafiya rəqs sənətidir. Bu anlayışa xalq rəqsi, məişət rəqsi, klassik balet daxildir. Digər sənət növləri kimi, xoreoqrafiya da ictimai prosesləri, insanlar arasında münasibətləri əks etdirir. Onun özəlliyi insan hisslərini, onun həyəcanını plastik bədii obrazlar formasında çatdırmasındadır”.

Rəqsdə bu sənət növünün özünəməxsus və mürəkkəb texnikası sayəsində insanın daxili dünyası aşkara çıxır, lirik-romantik münasibətləri, qəhrəmanlığı və şücaəti, mövqeyi, milli və tarixi mənsubiyyəti öz əksini tapır. Təbiətinə görə sintetik olan xoreoqrafiya sənəti müasir dünyada xüsusi əhəmiyyət kəsb edir. Rəqs sənəti şəxsiyyətin emosionallıq və iradə keyfiyyətlərini inkişaf etdirir, milli və mədəni dəyərlərə riayət etməyə, insanı sağlam həyat tərzinə istiqamətləndirir. Bu da gələcək nəslin mənəvi və intellektual keyfiyyətlərinin, fiziki qabiliyyətinin məqsədyönlü inkişafını təmin edir.

Bununla belə, qeyd etmək lazımdır ki, rəqs üzrə təlimlər heç də rəqs sənəti sahəsində peşə təhsilini ehtiva etmir. Hazırda xoreoqrafiya sahəsində mövcud təlim-tədris tendensiyalarını nəzərdən keçirsək görərik ki, qarşısına əhalinin geniş təbəqələrinə rəqs öyrətmək məqsədi qoyan bir çox dövlət və kommersiya strukturları mövcuddur. Lakin bu təlim qarşısına peşəkar hazırlamaq məqsədi qoymur. Rəqs təlimi və xoreoqrafiya sahəsindəki peşə təhsili məqsəd, vəzifə və formalarına görə əhəmiyyətli dərəcədə fərqlənir.

Peşəkar fəaliyyətdə uğur qazanmağın yolu bir piramidaya bənzəyir. Ümumiyyətlə, hər iki uşaqdan biri musiqi, rəqs, tikmə, rəsm ilə məşğul olur. Lakin həmin uşaqların yalnız yüzündən biri musiqi, xoreoqrafiya və ya sənət məktəbinə daxil olur. Min nəfərdən yalnız biri konservatoriyada, xoreoqrafiya akademiyasında və ya incəsənət universitetində təhsilini davam etdirir. Bu sahədə kəmiyyət və keyfiyyət göstəricilərini arzu edilən səviyyədə saxlamaq üçün əvvəlcə uşaqlarını rəqsə göndərən valideynlərin qoyduğu hədəfləri müəyyənləşdirməliyik, çünki xoreoqrafiya sənətinin uşaqlar üçün hər hansı bir istiqamətinin seçilməsində valideynlərin istəyi həlledici olur.

Musiqi və bədii yaradıcılıqda olduğu kimi, xoreoqrafiya sənətində də uşaq və yeniyetmələrin erkən peşəkarlığının müəyyənləşdirilməsi valideynlərin qərarından asılıdır. Məhz bu məqamda xoreoqrafiya sənətinin iki istiqamətinə - həvəskar və peşəkarlığa xüsusi diqqət yetirməliyik. Uşağın gələcək peşə taleyi, xoreoqrafiya üzrə istedad və qabiliyyətini inkişaf etdirmək imkanları həmin bu təhsil prioritetlərinin seçilməsindən asılıdır.

Bunun üçün də Bakı Xoreoqrafiya Akademiyasında, dünyanın xoreoqrafiya təhsili üzrə bir çox təhsil ocaqlarında olduğu kimi, xoreoqrafiya sənəti üzrə ümumi təhsil proqramlarını həyata keçirən, baza təhsili verən xoreoqrafiya məktəbləri fəaliyyət göstərir. Bir çox hallarda bu cür təhsil 5-9-cu sinifləri, milli xüsusiyyətlər nəzərə alınmaqla bəzi hallarda, məsələn, Bakı Xoreoqrafiya Akademiyasında olduğu kimi, 1-9 sinifləri əhatə edir. Məktəbdə oxuyarkən valideynlər uşağın istəyi, istedad və bacarıqlarından əlavə, ilk növbədə onun fiziki inkişafı, estetik tərbiyəsi və asudə vaxtının düzgün təşkil edilməsinə fikir verir. Əgər hər bir parametr valideyni qane edirsə, o uşağa peşəkar səhnəyə çıxması üçün təhsilini davam etdirməyə qərar verir və hər bir şey də məhz bu andan başlanır.

Xoreoqrafiya sənəti üzrə orta ixtisas təhsili bir sıra xüsusiyyətlərə malikdir. Öncə bu, uşaqların təbii istedad meyarlarına uyğun seçilməsi və müəyyən bir sistemə uyğun olaraq öyrədilməsidir. Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsində dərslərdə iştirakın dəqiq cədvəli üzrə tələbələrə tədris planında qeyd olunan fənlər, o cümlədən ixtisas fənlərinin keçilməsi ilə yanaşı, rəqsin əsasları və bütövlükdə rəqs haqqında dərin biliklər verilir.

Orta ixtisas təhsil pilləsində əsasən klassik rəqsə, baletə, Azərbaycan rəqsi, xalq səhnə rəqsi və müasir rəqsə diqqət yetirilir. Peşəkar rəqqasın hazırlanmasında hər biri eyni dərəcədə böyük əhəmiyyətə malikdir.

Xoreoqrafiya sahəsində orta ixtisas təhsili böyük və peşəkar səhnəyə aparan və bunu gerçəkləşdirən ilk pillədir. Azərbaycanda 90 ilə yaxın zaman ərzində səhnə üçün hazırlanan milli kadrlar məhz orta ixtisas təhsil pilləsinin məzunlarıdır. Lakin həyat inkişaf edib, meyarlar və tələbat dəyişdikcə daha kamil və geniş imkanlar yaradan ali təhsilə zərurət yaranmışdır.

Buna baxmayaraq, məhz xoreoqrafiya sahəsində həyata keçirilən orta ixtisas təhsil proqramı istedadlı gənclərin elitar təhsili üçün daha yüksək modulların formalaşdırılmasına, o cümlədən yüksəkixtisaslı bakalavrların hazırlanması, daha sonra magistrantların olduqca mürəkkəb və gərgin proqramları mənimsəməsinə imkan verir. Bu məqsədlə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi günlərində də biz tələbələrimizin təhsildən geri qalmaması üçün tədrisi onlayn şəkildə və videodərslər vasitəsilə davam etdiririk.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması, xoreoqrafiya sənətinə və təhsilinə dövlət qayğısının artırılması bu sahədə çalışan hər bir insan qarşısında böyük vəzifələr qoyur. Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsi milli xoreoqrafiya sənətində fasiləsiz təhsilin vacib tərkib hissəsi və sütunlarından biridir. Biz də öz missiyamızı məsuliyyətlə dərk edərək bu sənətin inkişafı üçün fəaliyyətimizi davam etdiririk.

Aynur HÜSEYNOVA
BXA-nın orta ixtisas təhsil pilləsinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent