Azərbaycanın Xalq artisti, məşhur opera müğənnisi Yusif Eyvazov mədəniyyətin, incəsənətin sosial təcrid şəraitində olduğu bu günlərdə yeni layihəyə başlayıb. O özünün “İnstagram” səhifəsində “Maraqlı adamlarla söhbət” adlı yeni layihəyə start verib.

Layihə çərçivəsində həftədə iki dəfə - çərşənbə və şənbə günləri Yusif Eyvazov canlı yayımda tanınmış musiqiçilər və artistlərlə görüşlər keçirəcək. Onun ilk qonağı Sankt-Peterburqun Mariinski teatrının bədii rəhbəri Valeri Gergiyev və skripkaçı Maksim Vengerov olublar.

Qarşıda Yusif Eyvazovun “İnstagram” səhifəsinin (“yusif_eyvazov_official”) qonaqlarını Plasido Dominqo, Elçin Əzizov, İqor Butman, Denis Matsuyev və digər məşhurlarla görüşlər gözləyir.