Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin “Topal Teymur” dramının yazılmasından 95 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin ev-muzeyi əməkdaşlarının onlayn elmi sessiyası keçirilib.

Elmi sessiyada “Topal Teymur” əsərinin yenidən nəşrə hazırlanması və ingilis dilinə tərcüməsi vəziyyəti müzakirə edilib.

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı əsərin milli-mənəvi, tarixi və bədii əhəmiyyətindən bəhs edərək böyük şair-dramaturqun yaradıcılığında ümumbəşəri səciyyənin yeri və rolundan, o cümlədən “Topal Teymur” dramının aktuallığını şərtləndirən amillərdən danışıb. O, əsərin tərcümə və təkrar nəşrə hazırlanması işinin bundan sonra da əlaqələndirilmiş şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Çıxışlarda “Topal Teymur” əsərinin son 95 ildə nəşr və səhnələşdirilmə tarixi, elmi-nəzəri və ədəbi-bədii tədqiqatlara cəlb olunması və s. məqamları əks etdirən ədəbi-tarixi xronikanın hazırlandığı diqqətə çatdırılıb.