“Karantin tədbirlərinin yumşaldılması insanlarda arxayınlaşma yaradıb”

“Azərbaycanda karantin tədbirlərinin yumşaldılması ilə insanlarda sanki arxayınlaşma yaranıb. İnsanlar hesab edir ki, artıq karantin yumşaldılırsa, demək, koronavirus təhlükəsi keçib”.

Bu sözləri respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, ölkədə hələ də xəstəliyə kifayət qədər yoluxma aşkar olunur. Gündəlik təxminən 30-40 yoluxma halı qeydə alınır. Doğrudur, xəstələnmə halı aşkarlansa da, sağalma da çoxdur. Sağalma artıq xəstələnən insanların  70 faizindən çoxunu əhatə edir. Bu da böyük ümid verir.

“Bunlar görülən tədbirlərin nəticəsi olaraq meydana çıxıb. Ancaq karantinin yumşaldılması o demək deyil ki, necə gəldi hərəkət edə bilərik. Bizdən tələb olunan qaydalara riayət etməliyik ki, xəstəlik yenidən yayılmasın, mərhələli keçid qalıcı olsun, nəhayət, virusun qarşısı tamamilə alınsın. Ona görə də maskadan istifadə, gigiyena qaydalarına əməl edilməsi, sosial təcrid, insanların kütləvi toplaşmaması, məsafə saxlanması – ümumilikdə hansı tövsiyələr varsa, onlara mütləq şəkildə əməl edilməsi vacibdir. Müvafiq dövlət qurumlarının apardığı tədbirlər nəticəsində ölkəmizdə stabillik əldə olunub. Bunun  qorunması üçün vətəndaşlardan çox şey asılıdır. Karantində yumşalma olubsa, insanlar bundan sui-istifadə etməməlidir, vacib olmadığı təqdirdə evdən çıxmaq, harasa getmək məsləhət görülmür, sosial təcrid davam etməlidir” – deyə baş infeksionist əlavə edib.

***

Son günlər xüsusi karantin rejiminin qismən yumşaldılmasının insanlarda arxayınlaşma yaratması və bundan sui-istifadə ümumilikdə narahatlıq doğurur. Bu narahatlığı mədəniyyət xadimləri də bölüşür.

Prezidentin qayğıkeşliyi nəticəsində bu çətin vəziyyətdə xalqımız üçün çox iş görülüb. O cümlədən bu vəziyyətdə xüsusilə zərər çəkənlərə, aztəminatlı ailələrə yardımlar edilir. İnsanlarmız da bu vəziyyətdə xəstəliyin yayılmaması üçün diqqətli olmalı, qaydalara ciddi əməl etməlidir.

Bunu Xalq artisti, ustad xanəndə Arif Babayev deyib: “Allaha şükür, bizdə xəstəliyin elə böyük fəsadı olmadı. Amma bu arxayınlıq yaratmamalıdır. Allah eləməsin, ikinci dalğa gəlsin. Xalqımız bunu bilməlidir, arxayınlıq olmaz. Düzdür, biz bu təhlükəni görmürük, amma mütəxəssislər vəziyyəti bilirlər. Ona görə də ayıq-sayıq davranmalı, qoyulan qanunlara tabe olmalı, verilən tövsiyələrə canla-başla əməl etməliyik”, – deyə o əlavə edib.

Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov da dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizədə atdığı qətiyyətli addımları alqışlayaraq bildirib ki, məhz bu tədbirlərin sayəsində ölkəmizdə vəziyyət nəzarət altındadır. Lakin arxayınlaşmaq olmaz. COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir və prosesin ikinci dalğası qarşısında son dərəcə diqqətli olmalıyıq: “Karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Lakin biz son dərəcə diqqətli və təmkinli olmalıyıq. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Özünütəcrid, “Evdə qal” kampaniyası davam etdirilməlidir. Xüsusilə yaşı 65-dən yuxarı olan vətəndaşlar öz sağlamlıqlarının qeydinə qalmalıdırlar”.

Xalq artisti qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı mövcud məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması zəruri bir prosesdir. Amma bu vəziyyətdən sui-istifadə etməyin, məsuliyyətsiz davranmağın fəsadları ağır ola bilər.

Son günlər müşahidə olunan mənzərə budur ki, sanki pandemiya təhlükəsi ötüşməkdədir. İnsanlarımız bu bəladan tam olaraq xilas olduğumuza inanırlar. İnam hissinin nə qədər vacib olmasına baxmayaraq, real vəziyyəti də mütləq dəyərləndirmək gərəkdir.

Bu isə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin sözləridir. O deyib: “Heç şübhəsiz ki, bütün insanlar yenidən əvvəlki həyat tərzinə dönmək, yenidən qaynar dinamikanın yaranmasını təmin etmək və yüksək əhval-ruhiyyə ilə çalışmaq, sağlam həyat yaşamaq niyyətindədir. Bu təbii duyğular, ruh yüksəkliyi verən amillər insanı yaşadan xüsusiyyətlərdir və önəmlidir. Lakin unutmaq lazım deyil ki, COVİD-19 pandemiyasının təkanları hələ də davam etməkdədir. Bu məkrli bəlanın ikinci dalğasının gəlmə ehtimalı da mümkündür. Hazırkı mənzərənin və nisbətən yüngülləşmənin tələbləri ilə iş rejimimizi, həyat ahəngimizi normallaşdırmağa, əlbəttə ki, çalışmalıyıq və yaranacaq hər bir təhlükənin meydan açmaması üçün tələb olunan qaydaların yerinə yetirilməsini də diqqətdən qaçırmamalıyıq. Orta hədd tutaraq və qaydalara əməl edərək həyatımızı yaşamalıyıq”.