Milli kitabxana direktorlarının onlayn forumu keçirilib
Aprelin 29-da Milli Kitabxanada MDB dövlətlərinin və digər xarici ölkələrin milli kitabxana direktorlarının iştirakı ilə “Karantin şəraitində mütaliə: kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq onlayn kitabxana forumu keçirilib.
Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, İtaliya, Malayziya, Fransa, Çin, Moldova, Bolqarıstan, Gürcüstan və digər ölkələrin milli kitabxana direktorları çıxış ediblər. Onlar koronavirus dövründə kitabxanaların fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıblar.
Onlayn forumda koronavirus dövründə yaranan problemlər müzakirə edilib, kitabxanaların bugünkü onlayn xidmətləri barədə çıxışlar dinlənilib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Milli kitabxanalar karantin dövründə: yeni şəraitdə yeni xidmətlər” mövzusunda çıxış edib. O, yeni onlayn xidmət formalarını nümayiş etdirib və statistik göstəricilər əsasında oxucuların fəallığının artmasından danışıb.
Forum iştirakçılarını Milli Kitabxananın hazırladığı “Dissertasiyaların virtual elektron kitabxanası”, “Səs yazılarının və qrammofon vallarının elektron kitabxanası”, habelə elektron resursu olmayan materialların yerindəcə rəqəmsallaşdırılaraq PDF formatında sifarişçilərin elektron ünvanlarına göndərilməsi xüsusilə maraqlandırıb və bu barədə K.Tahirova suallar ünvanlanıb.