Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu zəngin memarlıq nümunələrinə malikdir. Onlardan biri də Ordubad şəhərindəki Cümə məscididir.
Muxtar respublika Ali Məclisi sədrinin tapşırığına əsasən, hazırda bərpa işlərinin aparıldığı məscid özünün tarixiliyi ilə diqqəti cəlb edir. Məscid bir qədər hündürlükdə yerləşdiyindən onu uzaqdan görmək mümkündür. Kvadratşəkilli, yastı damlı bina olan məscidin 6 kiçik günbəzi olsa da, minarəsizdir.
Məscidin tikilmə tarixi dəqiq məlum olmasa da, onun XVII əsrdən əvvəl inşa olunduğu şübhə doğurmur. Səfəvi hökmdarı I Şah Abbasın Ordubad əhalisinin xəzinəyə ödəyəcəyi vergilərdən azad edilməsi haqqında 1604-cü ildə verdiyi fərmanın mətni məhz bu məscidin giriş qapısının baş tərəfinə yerləşdirilmiş kitabəyə həkk olunub.