Rusiya Elmlər Akademiyasının kitabxanası tərəfindən təşkil edilən “Pandemiya dövründə dünya kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinara ABŞ, Fransa, Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrdən kitabxana mütəxəssisləri qatılıb.
Vebinarda pandemiya dövründə kitabxanaların qarşılaşdıqları problemlər və onların həlli yollarından, oxucu tələbatındakı xarakterik dəyişikliklərdən, kitabxanalararası sənəd mübadiləsi və müəlliflik hüquqlarının yaratdığı çətinliklərdən danışılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva da onlayn vebinarda iştirak edib. O, karantin günlərində UNEC-də tələbə və müəllim heyətinin informasiya tələbatının ödənilməsi məqsədilə təqdim edilən onlayn xidmət, elektron resurslar, beynəlxalq məlumat bazaları haqqında danışıb, bu sahədə təcrübələrindən bəhs edib.