Koronavirusa yoluxma halları artır
Son bir neçə gündə ölkəmizdə koronavirus infeksiyasına yoluxma və xəstəlikdən sağalma nisbətində mənfi tendensiya müşahidə olunmağa başlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 5-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qeyd edək ki, bu son bir neçə həftə ərzində koronavirusa yoluxmada ən yüksək rəqəmdir. Mayın 4-də infeksiyaya 52 yeni yoluxma faktı qeydə alınmış, 39 nəfər sağalaraq evə buraxılmışdı. Mayın 3-də bu göstəricilər 38 (yeni yoluxma) və 30 (sağalma), ayın 2-də müvafiq olaraq 40 nəfər və 46, mayın 1-də isə 50 və 40 idi.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 5 may tarixinədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib. 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.