Mayın 1-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə “İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Miras” İctimai Birliyinin şöbə müdiri Günel Seyidəhmədli olub.
Seminarda mədəniyyət və incəsənət sahələrinin hər hansı bir böhran dönəmində idarə edilməsinin təşkili, yaradıcılıq proseslərinin davamlılığının təmin edilməsi, böhranın xarakterindən və səviyyəsindən asılı olaraq, kütlə ilə incəsənəti əlaqələndirmək axtarışları, virtual muzey ekskursiyalarının aktuallığı və s. məsələlələr müzakirə olunub. Bildirilib ki, hazırda yaşadığımız koronavirus (COVİD-19) pandemiyası dönəmində sözügedən mövzunun müzakirəsi aktualdır.
Onlayn seminarda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin baş mühafizi İranə İbrahimovanın məruzələri dinlənilib.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin baş mühafizi İranə İbrahimova pandemiya dövründə mərkəzin fəaliyyətindən söhbət açaraq bərpa sahəsində iştirakçıları maraqlandıran sualları cavablandırıb.