Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişlər” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsinə qeydiyyatın vaxtı uzadılıb.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun sözlərinə görə, iştirak etmək istəyənlərin müraciətləri və koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar müsabiqənin müddətinin artırılması xahişləri nəzərə alınaraq qeydiyyat mayın 15-dək davam edəcək.
Müsabiqə haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.
İştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündə “Azərbaycanım” müsabiqəsi ilə bağlı linkə daxil olmaqla 1 və ya 2 əsərinin fotosunu yükləyərək göstərilən anketi doldura bilər.
Qeyd edək ki, müsabiqəyə 21 yaşadək gənc və yeniyetmələr qatıla bilər.