“Qızıl palma budağı”na 80 yaşlı ingilis rejissor Ken Loach layiq görülüb
Mayın 11-dən 22-dək davam edən 69-cu Kann Beynəlxalq Film Festivalına yekun vuruldu. Rejissor Corc Millerin rəhbərlik etdiyi jürinin seçimi bir çox kino tənqidçiləri və kinosevərlər üçün gözlənilməz olub. Bu il namizədlər 7 nominasiya üzrə mükafatlandırılıblar.
Festivalın baş mükafatına - “Qızıl palma budağı” mükafatına ingilis rejissor Ken Loachın “Mən, Daniel Blake" filmi layiq görülüb. Bir çox mütəxəssislərin fikrincə, münsiflər bununla iyunda 80 yaşı tamam olacaq rejissoru təbrik ediblər.
Festivalın əhəmiyyətinə görə ikinci mükafatı - Qran-pri Ksavye Dolanın “Bu, sadəcə dünyanın sonudur” filminə verilib.
Ən yaxşı rejissor nominasiyasında mükafat iki layiqli iddiaçı - rumın Kristian Munciu (“Məzun”) və fransız Olivye Assayas (“Fərdi alıcı”) arasında bölüşdürülüb.
Ən yaxşı kişi roluna görə mükafat Şabab Hoseyni, ən yaxşı qadın roluna görə - Jaklin Jose qazanıb. Jürinin mükafatı Andrea Arnoldun “Amerika balı” filminə təqdim olunub. İranlı rejissor Aşğar Farhadi isə ən yaxşı ssenariyə görə təltif edilib.