İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı mədəniyyət müəssisələri tərəfindən müxtəlif virtual layihələr – təqdimatlar, sərgilər, ekskursiyalar keçirilir.

Mayın 7-də Azərbaycan İstiqlal Muzeyində “Qələbə naminə” adlı onlayn sərgi keçirilib. Sərgini Lənkəran, Masallı, Tovuz və Sumqayıt şəhər və rayonlarının məktəbliləri və digər qonaqlar izləyiblər. Sərgidə muzeyin fondlarından İkinci Dünya müharibəsi ilə bağlı 30-dək plakat, silah nümunələri nümayiş etdirilib. 

Muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın rolu haqqında onlayn izləyicilərə məlumat verib.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, layihə rəhbəri Arzu Əliyeva olan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli film nümayiş olunub.

Azərbaycan İstiqlal Muzeyi həmçinin mayın 7-də Moskvadakı Böyük Vətən Müharibəsi Muzeyinin təşkil etdiyi videokonfransda təmsil olunub. Muzeyin baş mühafizi Aida Axundova 75 il əvvəl tarixi qələbənin qazanılmasına Azərbaycanın verdiyi töhfələrdən danışıb.

***

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 9 May – Qələbə Günü münasibətilə təqdim etdiyi fotolar müxtəlif illərdə bərpa edilmiş müharibə dövrünü əks etdirən nadir muzey əşyaları ilə bağlıdır. Fotolarda onların bərpadan əvvəl və bərpadan sonrakı vəziyyəti əks olunub.

Bərpa olunan muzey eksponatları arasında Sovet İttifaqı Qəhrəmanı, istedadlı rəssam Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktub, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova məxsus geyim, Xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, Xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş əl işləri və s. nümunələr var.

Təqdim edilən fotoşəkillər Elmi Bərpa Mərkəzində İkinci Dünya müharibəsinə aid bərpa olunmuş eksponatların kiçik bir qismini əks etdirir.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Rusiyanın Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə əməkdaşlıq çərçivəsində hazırlanan növbəti interaktiv plakat faşizm üzərində qələbənin 75 illiyinə həsr olunub.

Plakatda Azərbaycan və rus dillərində verilən materiallarda müharibədə Azərbaycan hərbçilərinin şücaətindən, soydaşlarımızın antifaşist hərəkatında iştirakından, Vətənimizin övladlarının arxa cəbhədə əmək fəaliyyətindən, xüsusilə də Bakı neftinin əhəmiyyətli rolundan bəhs edilir. Akademik Yusuf Məmmədəliyevə həsr olunmuş bölmədə onun ixtira etdiyi yüksək oktanlı benzin haqqında məlumat verilib.

İnteraktiv plakatda həmçinin Qafqaz uğrunda döyüşlər, milli hərbi bölmələr, Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlılar haqqında məlumat almaq olar.