Azərbaycan Dövlət Rəsm Qalereyasının virtual təqdimatlarından biri Xalq rəssamı Qəyyur Yunusun “Qarabağ gözəlləri” tablosu ilə bağlıdır. Rəssamın “Qacar üslubu” və Şərq miniatürünə olan marağı və müraciəti bu əsərdə də özünü büruzə verib.
Rəssamın yaradıcılığının əsas hissəsini qadın obrazları tutur. Əsərdə təbiət mənzərəsinin əhatəsində üç qadın obrazı ön planda əks olunub. Qırmızı və torpaq rənglərinin müxtəlif çalarlarının incə və güclü kombinasiyası kompozisiyaya bədii güc və enerji aşılayır. Geyimlərin xırda detallarla bəzək, sinəbənd ilə təsviri ənənəviliyi və qədimiliyi vurğulayır. Həmçinin, sadə, kvadrat planlı və günbəzli kənd evinin təsviri ilə dövrün məişət və yaşayışı haqqında məlumat bizlərə təqdim edilir. Müasir dövrdə yaradılan bu əsər “Qacar üslub”unda olan ən gözəl nümunələrdən biridir.