Müsabiqəyə iyunun 15-də yekun vurulacaq
Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə həyata keçirir. Aprel ayında layihə çərçivəsində “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.
Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.
Layihənin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan yeniyetmə və gənclərin fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək, dostluq və qardaşlıq bağlarını daha da dərinləşdirməkdir.
Müsabiqədə Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc rəssamları (14-30 yaş) iştirak edə bilərlər.
15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənədin surəti və özü haqqında məlumat Daşkənd şəhərində fəaliyyət göstərən AMM-in elektron poçtuna göndərilməlidir (culcenter.az@gmail.com).
Rəsm əsərlərinin orijinalının isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) , Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) ünvanlarına göndərilməsi zəruridir.
Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev adına AMM-in, İsmayıllı Regional Mədəniyyət İdarəsinin mükafatları, habelə fəxri diplomları təqdim olunacaq.
Müsabiqə haqqında əlavə məlumat AMM-in saytında: http://azculture.uz/musabiqeler.php?link=musabiqeler