Mayın 31-də Azərbaycan Teatr Xadimləri İttifaqında tanınmış rəssam, aktyor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Elçin Məmmədovun 70 illiyinə həsr olunmuş xatirə tədbiri keçirildi.
1946-cı il mayın 29-da iki görkəmli teatr xadimi - rejissor Mehdi Məmmədov ilə aktrisa Barat Şəkinskayanın ailəsində dünyaya gəlmiş, geniş tamaşaçı kütləsinin daha çox Mirpaşa («Yeddi oğul istərəm»), Qaraca çoban («Dədə Qorqud») kimi tanıyıb sevdiyi Elçin Məmmədov 55 yaşına çatmamış dünyasını dəyişib.
Xatirə tədbirinə onun dostları, ailə üzvləri, onunla birlikdə teatrda və kinoda çalışmış sənət adamları toplaşmışdı.
Teatr Xadimləri İttifaqı idarə heyətinin katibi, Xalq artisti Hacı İsmayılovun apardığı xatirə məclisində ilk sözü Elçin Məmmədovun uşaqlıq dostu və birlikdə çalışdığı teatr rejissoru, Xalq artisti Azərpaşa Nemət söylədi.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli öz çıxışında Elçin Məmmədovun Azərbaycan teatr sənətində çağdaş, avanqard səhnəqrafiyanın təməlçisi olduğunu, neçə-neçə teatr rəssamının onun ardınca getdiyini vurğuladı.
Xalq rəssamı Arif Hüseynov isə onun kitab qrafikası janrına gətirdiyi yeniliklərdən bəhs etdi.
Xalq artisti Rafiq Əzimovun xatirələri isə artıq əfsanəyə çevrilmiş «Yeddi oğlu istərəm» filminin çəkilişlərində rastlaşdıqları maraqlı hadisələri yada saldı. Quruluşçu rəssam olaraq yalnız öz təxəyyülünə arxalanan Elçin Məmmədov ilə birlikdə işləmiş qocaman rejissor, Xalq artisti Ağakişi Kazımov tamaşanın bədii həlli üzərində axtarışlarını xatırladı.
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, filologiya elmləri namizədi Jalə Cəfərova isə görkəmli sənətkarın xatirəsini onun qonşusu kimi andı.
Tədbirin sonunda Elçin Məmmədovun bacısı, televiziya rejissoru Solmaz Həmzəyeva ailə üzvləri adından təşkilatçı və iştirakçılara təşəkkürünü bildirdi.
Gülcahan