Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.

DİM-dən bildirilib ki, ali təhsil müəssisələri üçün ərizə qəbulu mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarının birinə daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər, ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən, ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər elektron ərizələrini sənəd qəbulu komissiyalarına (SQK) müraciət etmədən iyunun 5-dək olan müddətdə özləri təsdiq edirlər:

Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq. 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu da mayın 12-dən iyunun 5-dək internet vasitəsilə müvafiq qaydada aparılır.