Türkiyənin kütləvi informasiya vasitələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə geniş məlumatlar yayıblar.
“Anadolu” agentliyinin “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəsi ilə təqdim etdiyi məqalə və infoqrafikada ulu öndərin həyatının mühüm hadisələri əksini tapıb.
“TRT Haber” kanalının məlumatı isə ümummilli liderin həyatının müxtəlif çağlarını əks etdirən fotolarla təqdim olunub. Diqqətə çatdırılır ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını hər zaman minnətdarlıqla xatırlayıb.
“Haber Global” telekanalı dahi şəxsiyyətin keçdiyi çətin və şərəfli ömür yolunu nadir kadrlar əsasında hazırlanan reportajla təqdim edib. Qeyd olunur ki, keçmiş SSRİ-nin ali vəzifələrinə yüksələn Heydər Əliyev dar gündə özünü vətəninin köməyinə çatdırıb.
“TRT Avaz” kanalı məlumatı “Heydər Əliyev anadan olmasının 97-ci ildönümündə anılır” sərlövhəsi ilə təqdim edib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, xilaskarlıq missiyası, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini əbədiyyət yoluna çıxarması xalqlarımızın və ölkələrimizin qürur mənbəyi, dövlətlərimizin bu günü və gələcəyidir. İnsanların dillər əzbərinə çevrilən, günümüzün gerçəklikləri ilə özündə tarixi həqiqətləri daşıyan “Bir millət, iki dövlət” ifadəsi hər birimiz üçün həyat şüarına çevrilib. Türkiyənin rəsmi şəxsləri, ictimai xadimlər Heydər Əliyev ilə bağlı fikir və ifadələrini sonsuz məhəbbətlə bölüşüblər.
Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsindəki paylaşımında yazır: “Məkanı cənnət olan Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” təməlində Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq!”.
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da Heydər Əliyevə ehtiramını sosial şəbəkədə paylaşımı ilə ifadə edib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar “Unudulmaz Heydər Əliyev” sərlövhəli məqalə ilə çıxış edib. Müəllif yazır ki, sağlığında olduğu kimi, vəfatından sonra da insanların qəlbində yaşayan ulu öndər Heydər Əliyev həmişə soy-kökü və doğma Azərbaycanı ilə iftixar edib.