Yeni bədii film çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb. Filmin rejissoru Babək Şirinsifətlə görüşüb ekran əsəri və çəkilişlər barədə məlumat aldıq.
Rejissor bildirdi ki, film Yusif Şeyxovun ssenarisi əsasında çəkilir: “Ssenari mənə təqdim ediləndə maraqlı iş olduğunu gördüm. Hazırda çəkilişlərin müəyyən bir hissəsi reallaşıb. Azərbaycanın ən yaxşı kino mütəxəssisləri çəkilişlərə cəlb edilib, kinostudiyanın direktoru Müşfiq Hətəmov peşəkar komandanın yığılmasına nail olub. Buna görə də həm yaradıcı, həm də texniki heyətdən razıyam. Bizim məqsədimiz heyətin əsas tərkibinin Azərbaycandan olması idi. Azərbaycanda texniki imkanlar və mütəxəssislər var. Bunları bir araya gətirmək vacibdir. Komandada yalnız səs rejissorumuz iranlıdır. O, 200-dən artıq filmdə işləyib və işinin əsl peşəkarıdır”.
Bu gün üçün tanış bir süjet
Rejissor filmin süjeti haqqında qısa məlumat verdi. Kəlbəcər rayonundan olan bir şəxs Qarabağ hadisələri ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşür. O həbsxanada ikən doğma yurdu işğal olunur. Azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarır.
Psixoloji dram janrında çəkilən filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova, Ayşad Məmmədov, Vidadi Həsənov, Məmməd Səfa və digərləri canlandırırlar.
- Çəkilişlər harada reallaşır?
- Belə ekran işlərinə “yol filmləri” də deyilir. Yəni qəhrəmanın yolçuluğu zamanı baş verən hadisələri əks etdirir. Məqsədimiz erməni işğalında olan Qarabağ haqqında həqiqətləri ekrana gətirməkdir. Çəkilişlər Bakı, Gəncə, Şəki, İsmayıllı, Lahıc və digər rayonlarda gerçəkləşəcək. İsmayıllının ən ucqar kəndlərindən birində də çəkilişlər edəcəyik. Həbsxana çəkilişlərinin bir hissəsi real məkanda, digər hissəsi isə pavilyonda aparılacaq.
- Aktyor seçimində iştirak etmisinizmi?
- Filmdə rol alan aktyorlar fərqli təcrübələrə malikdirlər. Ona görə də kastinq zamanı gördüm ki, biz nəticəni o vaxt ala bilərik ki, standart kino üslubu ilə işləyək. Ona görə də dünyada 30-cu illərdən bu yana işlədilən “metod akting” ilə işləməyi nəzərə aldıq. Dünyanın ən tanınmış aktyorları bu sistemlə işləyirlər. Məşhur aktyorlar Al Paçino, Dastin Hofman, Robert de Niro, Marlin Brando və digərləri bu sistemdən keçərək uğur əldə etmişlər. Buna görə də biz aktyor seçimindən sonra məşğələlərə başladıq. Aktyor heyətimiz teatr və kino aktyoru olaraq təcrübəli olsalar da, onlar fərqli metodlarla işləyirlər. Onlar məşğələlərə razılıq verdilər. Buna görə aktyorlara ayrılıqda təşəkkür edirəm. Çəkilişlərdən əvvəl 3-4 ay məşğələlər oldu. Buna təcrübə bölüşməsi də demək olar.
- Ekran əsərini nə vaxt təhvil vermək fikrindəsiniz?
- Filmi bu ilin sonuna təhvil verməyi planlaşdırırıq. Çöllük, dağ, meşə çəkilişləri çox olduğu üçün tez bitirmək istəyirik. Azərbaycan kino sənətində belə bir məşhur deyim var: “Kino həm vacib, həm də qəliz məsələdir”. Kinonun vacib olma məqsədi odur ki, bəzi ideyalar çox gec təsir edir, amma bu təsir uzunmüddətli olur. Kinonun təbliğat, əhatə dairəsi genişdir. Burada öyrənilən təcrübə nəsildən-nəslə ötürülür. Sonda belə bir imkanın yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına təşəkkürümü bildirirəm”.
“Kino vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdırmalıyıq”
Azərbaycanda artıq beşinci filmini ekranlaşdıran iranlı rejissor milli kinomuzun bugünü ilə bağlı da fikirlərini bölüşdü. Bildirdi ki, bu gün həm dövlət sifarişi, həm də kommersiya filmlərinin çəkilməsi ölkə üçün əhəmiyyətlidir: “Azərbaycan kinosu yenidən öz inkişaf dövrünə qayıdıb. Bildiyimiz kimi, milli kinomuz 70-ci illərə qədər dünyada məşhur idi. Mənim yadımdadır ki, “O olmasın, bu olsun”, “Qayınana” və digər filmlər İranda necə populyarlıq qazanmışdı. Hətta təkcə sovet məkanında deyil, digər ölkələrdə də Azərbaycan kinosu sevilirdi.
Keçid dövründə yaranan problemlər artıq aradan qaldırılır və sistem yenidən öz işinə başlayır. Bu, çox xoş hadisədir. Dövlətin də kinoya böyük dəstəyi var. Bu səbəbdən də fərqli janrlarda filmlər çəkilir, premyeralar baş tutur. Ekran əsərləri xalqın da marağına səbəb olur. Təbii ki, kinoda hər zaman udmaq olmur. Bu dünya təcrübəsində də belədir. Daha çox filmin çəkilməsinin müsbət tərəfləri var. Məsələn, bir tərəfdən sırf festivallar üçün nəzərdə tutulan “Nabat”, digər tərəfdən isə “Dolu” filmi. Bu filmlərin hər ikisinin ayrılıqda öz rolu var. Hər iki film insanları maarifləndirir. Azərbaycan müharibə şəraitindədir və hamımızın məqsədi həqiqətləri əks etdirməkdir”.
Babək Şirinsifət deyir ki, “Sıfır saatın qatarı” sənədli filmini çəkməyə başlayandan sonra Qarabağ münaqişəsi ilə bağlı daha çox informasiya alıb: “Film bir çox festivallarda göstərildi. Filmin nəticəsi bilirsinizmi nə vaxt olur? Bu il aprelin əvvəlində cəbhədəki baş verən hadisələr zamanı Təbriz sakinləri küçələrə axışaraq öz dəstəklərini nümayiş etdirdilər. Yəni biz gərək kino vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdıra bilək. Ermənilərin təbliğatı tarix boyu bizdən güclü olub. Keyfiyyətli filmlər, dünya səviyyəli ekran əsərləri bu yolda öz nəticəsini verməlidir. Bunun üçün də peşəkar texniki heyət lazımdır. Texniki heyətin yetişməsi üçün kommersiya filmləri də mütləqdir”.
L.Azəri