Azərbaycanın kino salnaməsində rejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin özünəməxsus yeri olub. O, sovet rejiminin qadağalarına baxmayaraq, çəkdiyi ekran əsərlərində tarixi gerçəkliyi obyektiv şəkildə təqdim etməyə çalışıb. Bu səbəbdən də sənət yolu mübahisələrlə müşayiət olunub.

Hüseyn Mirəli oğlu Seyidzadə 1910-cu il oktyabrın 19-da İrəvanın Qəmərli kəndində dünyaya göz açıb. Ailəsi erməni daşnaklarının zülmündən xilas olmaq üçün 1918-ci ildə əvvəlcə Tiflisə, oradan da Bakıya köçür. Uşaqlıq illərindən kinoya olan marağı onu Moskvaya - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna aparıb çıxarır. Burada Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanov kimi kino xadimlərindən dərs alır.
Vətənə döndükdən sonra “Bakı” kinostudiyasında film çəkilişlərinə qatılır. II Dünya müharibəsi illərində rejissor Niyazi Bədəlovla “Ayna” adlı filmin çəkilişlərinə başlayır. Sonradan bu filmin materialları əsasında “Sovqat” adlı yeni bir ekran əsəri ərsəyə gəlir. Ssenari müəllifi İmran Qasımov, baş rolun ifaçısı Leyla Bədirbəyli olan film 1943-cü ildə təhvil verilir.
Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindən biri “O olmasın, bu olsun” bədii filmidir. 1956-cı ildə ekranlara çıxan film böyük əks-səda doğurur. İki-üç il ərzində 35-40 ölkədə göstərilir, Azərbaycan kinosunun şöhrətini dünyaya yayır.
Lakin bu uğurlu, xoşbəxt anların ömrü uzun olmur. Rejissorun çox ağrılı və qalmaqallı günləri başlayır. Reallaşdırmaq istədiyi kino layihələri müxtəlif maneələrlə üzləşir. 1960-cı ildə “Var olun, qızlar” filmini, 70-ci illərdə “Dərviş Parisi partladır” filmini çəkmək istəsə də, buna müvəffəq olmur.
Rejissor 1969-cu ildə Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında eyniadlı filmin çəkilişlərini başa çatdırır. 1970-ci ildə Moskvada filmə baxış keçirilərkən bir neçə məqam senzuradan keçmir. Rejissorun səylərinə rəğmən həmin səhnələr filmdən çıxarılır. Xeyli sonra, 1990-cı ildə Xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində həmin səhnələr bərpa olunur.
Hüseyn Seyidzadənin “Qatır Məmməd” filmini çəkmək niyyəti də gerçəkləşmir. Filmə icazə alınsa da, ssenarinin rus müəlliflər tərəfindən yazılacağı ortaya çıxır. O, buna qəti etirazını bildirir. Milli ruhlu rejissor heç nədən çəkinmədən özünü oda-alova atır. İclasda ssenari ilə bağlı tənqidi fikirlərini bildirir. Ssenari müəllifləri ilə məsləhətləşmək üçün Moskvaya ezam olunur. Əvvəlcə onunla razılaşırlar, sonra süjetin tamam dəyişdirilməsinə etiraz edirlər. Moskvadan kinostudiyanın direktoru Adil İsgəndərova məktub göndərilir və bədii şurada rejissor ssenarisinin müzakirə edilməsi xahiş olunur.
Müzakirədə rejissorun iradlarında haqlı olduğu ortaya çıxır və filmin çəkilişinə icazə verilir. Lakin sonda film H.Seyidzadədən alınır və səbəb göstərilir ki, rejissor ssenari üzərində ciddi əməliyyatlar apararaq dövlət planını pozub.
H.Seyidzadə 1978-ci ildə ailə-məişət mövzusunda olan “Qayınana” kinokomediyasını çəkir. Bu, onun sonuncu filmi idi. Film Aşqabadda keçirilən XII ümumittifaq kinofestivalında nümayiş olunur. Baş rolun ifaçısı N.Zeynalova və bəstəkar T.Quliyev mükafata layiq görülürlər.
Araşdırmalarda göstərilir ki, Hindistan kinematoqrafçıları Bakıda olarkən H.Seyidzadə onlara bir neçə Azərbaycan filmini təqdim edir. Məşhur rejissor və aktyor Rac Kapur bu filmlərə baxandan sonra ona Hindistana gedib orada filmlər çəkməyi təklif edir. O isə qonağa təşəkkür edir və deyir:
- Mənim üçün qürbətdə yaşamaq çətin olar. Bir sənətkar kimi xalqım üçün hələ az iş görmüşəm...
Ömrünün sonlarında rejissor “Natəvan” filminin ssenarisi üzərində işləsə də, tale ona bu arzusunu da gerçəkləşdirməyə imkan vermir. Hüseyn Seyidzadə 2 iyun 1979-cu ildə vəfat edir.

Savalan Fərəcov








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar