“Operadan ekrana aparan yolun yolçuları” silsiləsindən
...Onları Azərbaycan opera sənətinin iki gözəl sopranosu adlandırırdılar. Bir zaman adları bizim Akademik Opera və Balet Teatrının afişasından düşmürdü. Amma neyləyəsən ki, ilk klassik Avropa operası “Dəfnə”dən üzü bəri bəstəkarlar nədənsə bir qədər amansızdırlar: opera əsərlərində yaşlı xanım partiyaları yazmırlar.
Dünya opera tarixində yaşlı vokalçı üçün bəstələnmiş olan-qalan bir əsas partiya var ki, o da “Qaratoxmaq qadın”da (P.Çaykovski, 1890) metso-soprano səsi üçün nəzərdə tutulmuş Qrafinya partiyasıdır.
Əslində, “Operadan ekrana aparan yolun yolçuları” silsiləsindən olan bu yazının qəhrəmanlarının səhnədən uzaq düşməsinin digər səbəbləri də var. Amma yazımız onların – sənət zirvəsinə çoxdan yetişmiş vokalçılar, gözəl və gur səsli ifaçılar olmaqla yanaşı, həm də mükəmməl öyrətmək qabiliyyətinə malik pedaqoqlar – Fidan və Xuraman Qasımova bacılarının kino fəaliyyəti barədədir. Üstəlik, onların kinokamera önündəki uğurları teatr səhnəsindəki uğurlarından əvvələ təsadüf edir.
Azərbaycanın Xalq artisti Xuraman Qasımova böyük bacısı, SSRİ Xalq artisti Fidan Qasımovaya baxmış, mətbuata daha açıq, verilən suallara həvəslə, yerli-yataqlı cavab verən müsahibdir. Xuraman xanımdan sənət seçimi, sənət uğurları barədə soruşanda daim bir fikri söyləyir ki, mən həmişə Fidan xanımın yolu ilə irəliləmişəm, ona oxşamaq, onun kimi bacarıqlı olmaq istəmişəm.
Lakin bir məqamda Xuraman xanım öz bacısından irəli düşüb. Kinoda ondan qabaq çəkilib.
***
“Qaraca qız” və “Liftçi qız” adlı iki novellanın yer aldığı kinoalmanax böyük ekrana 1966-cı ildə çıxıb. Filmə daxil edilən ikinci novella – Həsən Seyidbəylinin “Xidmət lifti” adlı hekayəsi əsasında müəllifin özünün və rejissor Rüfət Şabanovun yazdığı ssenari əsasında çəkilmiş “Liftçi qız” filmi həyatda ilk müstəqil addımlarını atan, büdrəməkdən qorxan, tez böyütməyə can atan Lalənin özünü dərk etməsi, öz iç dünyasına bələd olduqca atdığı kövrək addımların necə möhkəmlənməsi barədədir.
O zamanlar filmdə gərək olacaq uşaq və yeniyetmə rolları üçün çox nadir hallarda açıq kastinq barədə elan verilərdi. Adətən ikinci rejissorun məşğul olduğu bu axtarış-seçim mərhələsi bir qayda olaraq Bakının mərkəzindəki orta məktəblərlə çevrələnərdi. Elə “Liftçi qız” filmi üçün də arıq, uzunboylu, üzündən erkən yeniyetməlik cizgiləri hələ silinməmiş çox gənc bir qız axtaranlar da gəlib çıxırlar o zaman A.Puşkinin adını daşıyan 23 nömrəli orta məktəbə. Burada əsasən yuxarı sinif şagirdlərinə diqqət yetirmək əvəzinə, 7-ci sinifdə oxuyan arıq, iri qara gözlərində qəribə işıq parlayan qarayanız, çəlimsiz qız gözlərinə dəyir. Balaca Xuramanı kinostudiyaya dəvət edirlər. Sənət həvəslisi, dövrün böyük musiqiçiləri ilə dostluq edən valideynləri də bu dəvəti normal qarşılayır. Üstəlik, üzə vurmasalar da, kimsə inanmır ki, uşaqlıqdan hələ ayrılmamış, analar demişkən, qızlar bulağından hələ su içməmiş 13-14 yaşlı bir qız 17 yaşlı Lalənin roluna necə təsdiqlənə bilər ki?
Amma kinematoqrafçı gözü sərraf olar. Beləcə, Xuraman rola təsdiq olunur.
O, oynayacağı obraza qəlbən elə bağlanır, rejissorun düşüncəsinin elə dəqiq inikasına çevrilir ki, Xuramanın saf uşaq siması ilə təzad olan gözlərinin büruzə verdiyi yetkinlik o qədər qabarıq və təbii idi ki, yeniyetmə aktrisanı xüsusi qrim etməyə də ehtiyac qalmamışdı.
Xuraman Qasımovanın Laləsi çox gənc bir qızın düşə biləcəyi situasiyalara düşür və sonda onun daxili aləmini tək duyan, Laləni öz xəyallarından gerçək həyatının qəhrəmanı etməyə qabil Rəssamın (Məmmədrza Şeyxzamanov) fırçasının gücü ilə ayaq üstə möhkəm durmağı bacardığına inanır.
Lalə anlayır ki, tezliklə onun xidmət liftindən də yaxşı işi olacaq, ona hələ də balaca qız kimi baxan, onun ruhundakı böyük Laləni görməyə ləngiyən Nərimandan (Tariyel Qasımov) da yaxşı oğlan sevəcək!... Yeri gəlmişkən, “Liftçi qız” filmində ilk kino obrazını yaratmış Xalq artisti Tariyel Qasımov illər sonra çəkilişləri yada salanda deyəcəkdi: “Xuraman hamımızdan yaxşı oynayırdı”.
“Liftçi qız” filmindən sonra, təxminən on il Azərbaycanda doğulan qızlara Lalə adının verilməsi dəbdə oldu...
***
İllər öncə bu yazının müəllifinə verdiyi müsahibədə rejissorlar “mənim qara gözlərimi bəyənmişdilər” deyə etiraf edən, ilk gəncliyinin kino ilə bağlı günlərini xatırlayan görkəmli vokalçı emosional cəhətdən çox ağır bir rolu – Səidə obrazı barədə ürək sözlərini belə bölüşmüşdü:
– Kino çəkilişi vaxt aparan işdir. Bəzən saatlarla oturub bir epizodun çəkilməyini gözləyirsən. “Liftçi qız”a çəkiləndə günlərlə dərsdən qalırdım. Bu isə valideynlərimin xoşuna gəlmirdi. Şamil Mahmudbəyovun “Mən ki gözəl deyildim” filminə təklif gələndə evdə qarşıma şərt qoydular: əgər dərslərin axsamayacaqsa, onda çəkil. Çəkilişlər isə Gəncədə, onun yaxınlığında aparılırdı. Anam məni tək buraxmadı. Hətta 4-5 ay sürən çəkiliş prosesində dərsdən qalmayım deyə, məni Gəncədə məktəbə yazdırdı.
“Azərbaycanfilm”in müharibə və arxa cəbhə mövzusunda ən yaxşı ekran əsərlərindən biri “Mən ki gözəl deyildim” filmidir desək, yanılmarıq. Ucqar dağ kəndində baş verən hadisələrin mərkəzində gənc bir qız durur: Səidənin anası neçə il əvvəl vəfat edib, indi də atası cəbhəyə gedir. Əmisinin böyük ailəsi ilə birlikdə yaşayan Səidə ev işlərinə qapanmaq istəmir, poçtalyon işləməyə başlayır ki, başı qarışsın, ürəyi sıxılmasın. Lakin ürəyiyumşaq qız poçtalyon işləməklə ata həsrətindən qovrulan ürəyinə dərd üstündən dərd gətirir: insanların ön cəbhədən aldıqları ölüm xəbərləri, dördkünc məktublarda gizlənmiş fəlakət Səidənin sınıq qəlbini göynədir. Nə yaxşı ki, sürücü Məzahir (Şahmar Ələkbərov) var. Ən ağır məqamlarda Səidənin gözlədiyi ən xoş sözləri deyən, onu müdafiə edən Məzahir.
Bir zaman “Mən ki gözəl deyildim” filminin texniki-yaradıcı heyətində çalışmış, sonralar televiziyada bir sıra maraqlı layihələri ilə yadda qalmış mərhum rejissor Əmirhüseyn Məcidov həmin filmlə bağlı xatirələrini bölüşərkən hələ vokalçı kimi kəşf etmədiyimiz Xuraman Qasımova barədə demişdi: “Çox fəhmli qız idi. Rejissorun hər tapşırığını bir izahdan anlayır, yerinə yetirirdi. Təsəvvür edin, İsmayıl Osmanlı, Sadıq Hüseynov, Şahmar Ələkbərov, Rza Əfqanlı, Eldar Əliyev, Sədayə Mustafayeva kimi peşəkar aktyorların yanında hiss etmirdin ki, bu qız məktəb uşağıdır. Peşəkarlıq baxımından görkəmli aktyorların yanında cılız görünmürdü. Ev işlərini də elə görürdü ki, elə bil Bakının mərkəzində rus məktəbində oxuyan qız yox, ömrünü dağ kəndində yaşamış qızdır”.
Xuraman xanım isə həmin günləri öz müsahibələrində belə xatırlayır:
– Üç filmdə çəkilmişəm. “Liftçi qız”, “Mən ki gözəl deyildim”, bir də “Həyat bizi sınayır”. Amma Səidəni o biri rollarımdan çox sevirəm. Hərçənd onu oynamaq daha çətin idi. Səidə atasını, anasını itirmiş, müharibə dövrünün uşağı idi. Mən isə tamam fərqli tale yaşayırdım. Onun atasının ölüm xəbərini aldığı səhnənin dərdini lap çəkilişlərin əvvəlindən çəkirdim. Fikirləşirdim ki, atam sağdır, mən bu hissləri necə çatdıracağam? Amma kamera qarşısında ağladım, belim büküldü. Mən rolumu oynamağa məcbur idim.
1969-cu ildə Kiyevdə keçirilən III zona kinofestivalında (Cənubi Qafqaz respublikaları və Ukrayna) “Mən ki gözəl deyildim” filmində Xuraman Qasımova qadın rolunun ən yaxşı ifaçısı kimi diploma layiq görülür.
***
Kinorejissor Şamil Mahmudbəyov artıq konservatoriyanın tələbəsi olan Xuraman Qasımovanı “Həyat bizi sınayır” filminə dəvət etməzdən əvvəl Anarın ssenarisi əsasında çəkdiyi dörd novelladan ibarət “Torpaq. Dəniz. Od. Səma” filmində (1967) Xuramanın böyük bacısını – konservatoriyada paralel olaraq iki ixtisas – violin və vokal üzrə təhsil alan Fidanı Sevda roluna çəkir.
Təəssüf ki, kifayət qədər uğurlu ssenarilərin müəllifi Anar və çox maraqlı, bitkin filmlərə quruluş vermiş Şamil Mahmudbəyovun bu yaradıcılıq tandemi uğurla nəticələnmir. Yalnız tanınmış aktyorlar – İsmayıl Osmanlı, Ələddin Abbasov və Tamara Kokovanın göründüyü epizodları çıxmaqla, filmin aktyor heyətinin ifası da tamaşaçıya cansıxıcı görünür. Və gənc, kamera önünə ilk dəfə keçən Fidan Qasımova – rəssam Sevda da özünü tam ifadə edə bilmir.
Digər tərəfdən, Sevdanın cavanlığı, gəlin gəldiyi gün, həyat yoldaşı cəbhədən qayıtdıqdan sonraya aid epizodlarda Fidan xanımın təbii gözəlliyi vəziyyəti bir qədər nizamlayırsa, təxminən iyirmi il sonraya aid kadrlarda artıq ortayaşlı, təyyarəçi oğul anası Sevdanın uğursuz qrimi, yalnız saçına bir-iki bəyaz tel artırmaqla onu “qocaltmaq cəhdi” daha süni alınıb. Düzdür, filmin ssenarisini Rəsul Rzanın tənqid etməsinə rəğmən (onun bu barədə məktubuna Anar öz “Sizsiz” xatirə-povestində yer ayırıb), kinofestivalda mükafat alsa da, bu kinonovella Azərbaycan tamaşaçısının sevimli filmlər kateqoriyasına daxil ola bilməyib.
***
Şamil Mahmudbəyovun Sumqayıt şəhərinin gənclərinə, poladəridənlərinə həsr etdiyi “Həyat bizi sınayır” filmi 1972-ci ildə lentə alınıb. Kənddən gəlib qardaş qoltuğuna sığınmaqdansa müstəqil həyata başlamağı üstün tutan Rəşidin (Fikrət Quliyev) sevgilisi Hicran rolunda Xuraman Qasımova çəkilib. Ssenari müəllifi Vidadi Babanlının etiraflarına görə, Moskvada filmin qəbulu zamanı kinolentdəki milli ruhu əks etdirən kadrların əksəriyyəti qayçılansa da, filmin əsas qayəsinə, leytmotivinə xələl gəlməyib. Həyatsevər, sadəlövh Rəşidi hər halı ilə sevən, anlayan laborant Hicran obrazı emosional yaşantılar baxımından Xuraman Qasımovanın əvvəlki iki rolundan çox asan, rahat oynanılan personaj təsiri bağışlasa da, bir məqamı unutmayaq. Bəzən saflığı, sadəliyi göstərmək, çatdırmaq daha çətindir, nəinki faciəni oynamaq.
***
...Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan çağdaş vokal ifaçılığı və pedaqoqluğu sahəsində uğurları barədə danışanda, eşidəndə onların bədii kino ekranındakı gözəl simalarını da xatırlamağı unutmayın.
Gülcahan MİRMƏMMƏD