“Azərbaycan bu gün istiqlal yolunu davam edirsə, burada Heydər Əliyevin müstəsna xidmətləri var”
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqının gələcəyi, inkişafı naminə tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman qürur hissi ilə xatırlanacaq dahi şəxsiyyətdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Ucar rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu öndər xatirələrdə” adlı videoçarx hazırlayıb. “Youtube” səhifəsində təqdim olunan videoçarxda ulu öndərin məşhur sözləri, nitqlərindən sitatlar, tarixi fotolar, onun haqqında yazılan bir neçə kitabın fotoşəkilləri yer alıb.
Paytaxtın Suraxanı rayon MKS-nin 1 nömrəli filialı da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videoçarx hazırlayıb. Videoçarxda 97 nömrəli tam orta məktəbin şagirdləri ulu öndərin müdrik kəlamlarını səsləndiriblər.
***
“Ürəklərdə yaşayan ulu öndər” mövzusunda virtual sərgi isə Təhsil Nazirliyi 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Sərgidə respublika üzrə 55 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 140 rəsmdən 28-i nümayiş olunub. Nazirliyin saytı və sosial şəbəkələr vasitəsilə nümayiş olunan rəsmlərdə ulu öndərin rəhbərliyi ilə ölkəmizin inkişafı, əldə etdiyi nailiyyətlər əksini tapıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə daha bir virtual sərgi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilib. Mayın 4-dən 10-dək davam edən sərgidə paytaxt məktəblilərinin əl işləri nümayiş olunub.
***
Azərbaycan Dillər Universitetində ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda III beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılmışdı. Lakin mövcud pandemiya və karantin şəraiti ilə bağlı layihə onlayn formatda reallaşıb. Virtual konfransda “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm”, “Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu”, “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” və s. bölmələr üzrə çıxışlar dinlənilib. Konfransın elektron poçtuna göndərilən məqalə və tezislərin çap edilməsi nəzərdə tutulur.
***
Bakı Dövlət Universitetinin aprel ayında elan etdiyi “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda tələbə onlayn esse müsabiqəsi başa çatıb. Müsabiqədə universitetin 70-dən çox tələbə və magistrantı iştirak edib. Təqdim olunmuş esselər müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. Qaliblərin esseləri universitetin saytında və qəzetində, sosial mediada dərc olunacaq. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək.
***
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının iştirakı ilə “Davam edən böyük yol” adlı videokonfrans keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov giriş sözündə qeyd edib ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin bütün həyatını və çoxşaxəli fəaliyyətini qələbələr silsiləsi adlandırmaq olar. “Azərbaycan bu gün istiqlal yolunu davam edirsə, burada Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman Azərbaycan insanının şüurunda, ürəyində minnətdarlıq duyğuları ilə anılacaq”, – deyə akademik vurğulayıb.
Videokonfransda muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyat siyasəti”, şöbə müdirlərindən professor Şəfəq Əlibəylinin “Heydər Əliyev: həyat həqiqətləri”, Nəzmiyyə Yigitoğlunun “Azərbaycançılıq ideyasının inikasında Nizami muzeyinin rolu” mövzusunda məruzə və çıxışları dinlənilib.
Videokonfransa yekun vuran akademik R.Hüseynov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər boyunca yorulmaz fəaliyyətindən çox yadigarlar qalıb. Lakin Heydər Əliyevin xalqa ən böyük yadigarı onun təməlini qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik yoludur.