Azərbaycanın mədəni irs tarixində xüsusi yeri olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötdü. Şuşanın işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub, bu irsin az bir qismini xilas etmək mümkün olub.

Belə nümunələrdən biri də 1992-ci ilin mayında, işğaldan bir neçə gün öncə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından təxliyə edilən 183 eksponatın içində olan Qarabağ xanımlarına məxsus qədim geyim dəstidir.

Azərbaycan milli geyim nümunələri içində Qarabağ geyimləri özünəməxsusluğu ilə seçilir. Bu bölgəyə məxsus qadın milli geyim dəstinin tərkib hissəsi sayılan tumanlar qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilir, ətəyinə müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı vurulurdu. Üst geyimi olan arxalıq da qiymətli parçalardan tikilir, qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi. Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları “nülufər qollu” (yelparəli) olurdu. Dirsəyə qədər düz olan nülufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi.

Şuşadan yadigar qalan və üzərində zədələr olan geyim dəsti 2013-cü ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə təqdim olunaraq orada bərpa edilib.