Bakıda III Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir

İyunun 1-də Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının başlanması münasibətilə mətbuat konfransı keçirildi.

Mətbuat konfransında festivalın münsifləri - Azər Qərib, Yusif Şeyxov, Ayaz Salayev (Azərbaycan), Edrien Florian (Macarıstan), İnna Demejko (Rusiya) və Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel iştirak edirdi.
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov çıxış edərək bildirdi ki, festivalın əsas məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran işlərinin müəlliflərini həvəsləndirməkdir.
Münsiflər heyətinin rəhbəri Azər Qərib qeyd etdi ki, festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Komissiya tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq: “İlk festivalda Azərbaycan turizmini təbliğ edən ekran əsərlərinin azlığından gileylənirdik. İndi nəinki yerli rejissorlar, hətta xaricilər də Azərbaycan turizmini təbliğ edən ekran əsərləri çəkərək festivala təqdim edir”.
Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel bildirdi ki, festival müxtəlif ölkələrdən rejissorların bir araya gətirilməsi və təcrübə mübadiləsi üçün də mühüm imkanlar açır.
Jurnalistlərin suallarını cavablandıran münsiflər heyətinin üzvləri festivalın böyük perspektivləri olduğunu vurğuladılar. Bildirdilər ki, təqdim olunan filmlərin bədiiliyi, rejissor işi və turizm baxımından informasiyalılığı qiymətləndiriləcək.
Sonra III Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi açılış mərasimi keçirildi. Öncə əvvəlki iki festivalın yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olundu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın artıq ənənəyə çevrildiyini bildirdi: “Bakıda keçirilən Beynəlxalq Turizm Filmləri Festivalına böyük maraq var. Bunu festivala qatılmaq üçün təqdim olunan filmlərin sayı da sübut edir. Hələ 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin xətti ilə turizm filmlərinə həsr olunmuş festivalın keçirilməsinə təşəbbüs göstərildi. Həmin festival Azərbaycanda turizm filmlərinin çəkilməsinə müəyyən təkan verdi. Bu gün isə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə üçüncü beynəlxalq festivalı keçiririk”.
Azərbaycanda turizm sənayesinin inkişaf etdiyini diqqətə çatdıran nazir qeyd etdi ki, əldə olunan nəticələr ölkə Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir: “Bu festival ölkəmizin turizm potensialının daha geniş coğrafiyada tanıdılmasına təkan verir. Ölkəmizin turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur. Bu gün dünyanın müxtəlif ölkələrində yayımlanan televiziya kanallarında, beynəlxalq sərgilərdə, tədbirlərdə Azərbaycanın turizm potensialı geniş təbliğ edilir”.
Əbülfəs Qarayev onu da bildirdi ki, ölkəmizdə turizm xidmətlərinin səviyyəsi, müxtəlif turizm növləri iqtisadiyyatımızın pioritet istiqaməti kimi inkişaf edir: “Son illər ölkəmizdə turizm sənayesi böyük inkişaf yolu keçib. Bu istiqamətdə atılan addımlar davam etməkdədir. Bu il ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Biz ölkəmizdə mədəniyyət və turizm sahələrinin vəhdət halında inkişafına xüsusi önəm veririk. Ölkəmizin turizm potensialının kino vasitəsilə təbliğatı vacib məsələlərdən biridir”.
Festivalın işinə uğurlar arzulayan nazir beynəlxalq tədbirin ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirdi.
Sonra səhnəyə III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyəti dəvət olundu. Festivalın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən Endre Florian belə tədbirlərin ölkələrin və xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğuladı.
Daha sonra III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində “Ölkə, region, şəhər” mövzusunda qısametrajlı filmlər nümayiş olundu.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı il gerçəkləşən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivala 5 kateqoriya üzrə (ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları) filmlər təqdim olunub. Hər kateqoriya üzrə I-III yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, diplom və pul mükafatlarına layiq görüləcək. Festivalın ən yaxşı filminə isə “Qran pri” təqdim olunacaq. Yerli filmlər eyni zamanda Milli Mükafat uğrunda da mübarizə aparırlar. Festivala iyunun 3-də yekun vurulacaq.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar